COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

21:55 - 20 Avqust 2024

COP29 Azərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir

COP29 Azərbaycan Əməliyyat Şirkəti Bakıda keçiriləcək COP29 iqlim konfransı zamanı qlobal müstəvidə yayımlanacaq gündəlik televiziya proqramını təqdim edir. Verilişdə qlobal auditoriya üçün gündəlik COP hadisələrinin xülasəsi təqdim olunacaq. Məqsəd konfransla bağlı məlumatların əlçatanlığını təmin etməkdir.

 

Manset.az xəbər verir ki, veriliş COP29 konfransı boyu tədbirin məkanı olan Bakı Olimpiya Stadionundakı studiyadan yayımlanacaq. Verilişin yayımı televiziya şirkətləri, onlayn videoyayım platformaları və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. “Daily Show” müsahibələr, ekspert təhlilləri və konfransa dair digər məlumatları əhatə edəcək. Veriliş tamaşaçılara COP konfransına fərqli baxış bucağını təmin edəcək.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev verilişin mahiyyəti ilə bağlı bunları qeyd edib: “Dünyada iqlim dəyişmələrinin təsirləri daha çox hiss olunduqca, informasiyaya tələbat da artır. Biz havanın artan temperaturu və bu problemin həlli ilə bağlı artan narahatlıq fonunda iqlim fəaliyyətlərini qlobal auditoriyaya daha aydın və anlaşılan formatda çatdırmaq istəyirik. Gündəlik veriliş bu məqsədimizə çatmağa xidmət edən addımlardandır”.

“Daily Show” verilişi yüksəkkeyfiyyətli yayımların təşkilində zəngin təcrübəyə malik Böyük Britaniyanın “Hi Impact” media şirkəti tərəfindən hazırlanacaq. Verilişin daha geniş auditoriyanı əhatə etməsi üçün COP29 Əməliyyat Şirkəti layihə üzrə tərəfdaşlıq imkanları da qiymətləndirib. “Daily Show” layihəsində tərəfdaşların müəyyən edilməsi üçün seçim prosesi sentyabrın sonunadək davam edəcək. Seçim nəticələrinə dair qərar COP29 Sədrliyi və UNFCCC tərəfindən veriləcək. Layihəyə tərəfdaş qismində müraciət forması və ətraflı məlumat COP29-un rəsmi veb-saytında əks olunub.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin