Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, əgər hakim "Gürcü Arzusu" partiyası oktyabrda keçiriləcək parlament seçkilərində konstitusiya çoxluğunu qazanarsa, ölkə parlamenti birpartiyalı olacaq.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Vahid Milli Hərəkat Partiyası"nın seçkilər zamanı aldığı deputat mandatlarının ləğvi ilə bağlı qərarı Gürcüstanın Konstitusiya Məhkəməsi verməlidir ki, partiyanın fəaliyyəti qadağan olunarsa, onun nümayəndələri parlamentdə ola bilməz”, - Kobaxidze bildirib.
Birpartiyalı parlamentin yaradılmasının nə dərəcədə demokratik olacağı sualına cavab verən Kobaxidze bildirib ki, Gürcüstanın maneəsiz olaraq Avropa İttifaqına doğru hərəkətini davam etdirməsi üçün bu çox vacib şərtdir:
"Parlament demokratik olaraq qalacaq, bu zaman hakim partiya konstitusiya çoxluğu ilə seçiləcək və bu, prinsipial əhəmiyyət kəsb edir. Bu gün Moldova parlamenti praktiki olaraq birpartiyalıdır, lakin bu barədə heç kim danışmır, yalnız alqışlanır. Gürcüstanda da eyni şey baş verəcək, "Vahid Milli Hərəkat"ın qadağan edilməsi Gürcüstanın maneəsiz olaraq Avropa İttifaqına doğru hərəkətini davam etdirməsi üçün çox vacib şərtdir”.
Fidan Əliyeva
Manşet.az