Antiterror əməliyyatı tariximizə qızıl hərflərlə yazıldı

21:08 - 13 Sentyabr 2024

Antiterror əməliyyatı tariximizə qızıl hərflərlə yazıldı

 Azərbaycan Respublikası həmişə problemlərin sülh yolu ilə həllinə üstünlük verir. Bunun sübutu kimi Ermənistan Azərbaycan ərazisinin 20%-nin işğal olunmasına baxmayaraq 30 ilə yaxın müddətdə qarşı tərəflə danışıqlar aparıb.

 

 BMT-nin 4 məlum qətnaməsi, dünya ictimaiyyəti tərəfindən işğal olunmuş torpaqların azad olunmasının vacibliyi səsləndirilsədə, bu tələblər ancaq kağız üzərində və sözlərdə qalırdı. Ermənistana hər hansı bir təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Əksinə 1992-ci ildə ABŞ Konqresi ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyondan artıq qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

 ABŞ Konqresində antiazərbaycan və antitürk siyasəti ilə seçilən, korrupsiya və rüşvətxorluğa bulaşmış senatorların olduğu hamıya məlumdur. 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşdırılması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda korrupsioner siyasətçi Menendezin çirkin əməllərini ifşa edərək demişdi: “Əlbəttə, təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir...”

 Menendezin əməlləri, rüşvətxorluq, korrupsiya və qəsdən fırıldaqçılığın bir neçə növü də daxil olmaqla 14 maddə üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir. Onunla yanaşı digər “siyasətçilər”də məsuliyyətə cəlb edilmişlər.

 Bəzi Avropa ölkələri, beynəlxalq təşkilatlar sözdə işğalı pisləsələrdə, yaranmış vəziyyətin həlli yolları haqqında düşünmürlər, vaxtı uzatmaqla gələcəkdə Azərbaycanın işğalla barışmalı olacağını düşünürdülər.

 Tez-tez münaqişənin hərbi həlli yoxdur fikirlərini səsləndirirdilər. Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar hər hansı nəticə vermirdi və əslində danışıqlar görüntüsü yaratmağa hesablanmışdır.

 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdu. Bununla Ermənistan bir daha özünün əsl məqsədini, mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

 Ermənistan qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirilməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət könüllü dəstələri yaratmaq qərarı, 2020-ci ilin iyulunda Tovuz istiqamətində təxribat törətməsi, qoşunların təmas xəttində gərginliyin artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunların cəmləşdirilməsi, böyük həcmdə silah-sürsat toplaması Ermənistanın geniş miqyaslı hücuma hazırlaşdığını göstərirdi.

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri beynalxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralanlar olduğu, Azərbaycan Respublikasının təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən əks-hücum əməlliyyatlarına başlanmışdı.

 İlk gündən Azərbaycan Ordusu tərəfindən bir neçə rayonu, strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldular.

 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Ordumuz ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətində mühüm strateji yüksəklikləri işğaldan azad etdilər.

 Azərbaycanın qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir.

 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş Nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olmuşdur.

 Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistan tərəfinə davamlı sülh üçün çağırışlar etsə də Ermənistan hər dəfə danışıqlardan boyun qaçırır, bunula da kifayətlənməyərək suveren ərazimizdə silahlı təxribatlarını davam etdirirdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini və texnikasını bizim ərazilərimizdən çıxarmamışdır. İmzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, digər texnika yerləşdirilmişdir. Radio-elektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.

 İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur.

 Azərbaycan işğala məruz qalan tərəf olsa da Qarabağda gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışları əvəzində yeni təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Son bir neçə ayda Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin fəallaşması müşahidə olunurdu, Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərin mühəndis-istehkam cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.

 Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra geniş miqyaslı hərbi təxribatlar və terror hücumu törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirilməsi və bölmələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi Azərbaycan ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-ci il sentyabrın 20-də saat 13.00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalı idi.

 Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular.

 Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərinin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olaraq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.

 Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənədi imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

 Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əskəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm hadisəsinə çevrildi.

 44 günlük müharibə və lokal antiterror əməliyyatı ərzində xalqımız Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Prezident İlham Əliyevin yanında olduğunu bəyan etdi. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiyalar da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər.

 Partiyalar tərəfindən qəbul edilmiş Bəyanatda İlham Əliyevin haqlı və ədalətli mövqeyinin dəstəkləndiyi qeyd edilmişdir. Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan dövlətinin ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistan, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır.

 Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirə salınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfdən müvafiq bəhanələrlə rədd edilmişdir.

 Qərbi Azərbaycan İcması hər zaman olduğu kimi öz fəal mövqeyini nümayiş etdirdi və beynəlxalq ictimaiyyəti ədalətə çağırdı. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir.

 

 Elxan Hüseynov

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasınını sədri


Xəbər xətti

3 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin