Xankəndidə uzun illərdən sonra ilk dəfə toy mərasimi keçirildi - FOTOLAR

19:59 - 21 Sentyabr 2024

Xankəndidə uzun illərdən sonra ilk dəfə toy mərasimi keçirildi - FOTOLAR

Xankəndi şəhərində uzun illərdən sonra ilk dəfə toy mərasimi keçirilib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər. Onların ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.

Bəy, gəlin, onların ailə üzvləri və qohumları Şuşa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, sonra Cıdır Düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzib, toy keçiriləcək restorana gəliblər.

Gəlinlə bəy “Qarabağ Şikəstəsi” sədaları altında restorana daxil olduqdan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram əlaməti olaraq sükutla anılıb. Sonra çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.

Bəyin valideynləri bu xoş gündə təəssüratını bölüşüblər. Bəyin atası Kərim Kərimli deyib: “Şuşa da, Xankəndi də bizim üçün əzizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin igidliyi, qazilərimizin rəşadəti, Azərbaycan xalqının möhkəm birliyi sayəsində biz Xankəndini işğaldan azad etdik. Xankəndinin son 35 illik tarixində ilk dəfə olaraq biz övladımıza toy edirik. Azərbaycan xalqına həmişə toy arzulayıram. Qoy bu gündən etibarən azad Qarabağda toy mövsümü davam etsin. Gənclər bizim övladımızın ardınca gələrək ailə qursunlar”.

Bəyin anası Vəsilə Kərimli “Allah hamıya belə toy nəsib eləsin. Şükar bu günümüzə. Şükür ki, Qarabağımızda, Xankəndində belə gözəl toy məclisi qurulub”.

Toyu olan Fərhad Kərimli şad gününün Xankəndidə keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Mən əslən Şuşadanam. Ailəmiz may ayında doğma şəhərimiz Şuşaya köçüb. Həmişə arzu edirdik ki, işğaldan azad edilmiş ərazilərdə toyumuz olsun. Bu gün bu arzumuz gerçəkləşib. Çox həyəcanlıyam, 30 ildən artıq işğal altında olan torpaqlarımız azad edilib və mənim toyun Xankəndi şəhərində keçirilir. Mən Qarabağı azad edən Azərbaycan ordusuna təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.



Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin