Azərbaycanın bu tanınmış şəxsi rektor təyin olundu

09:00 - 1 Oktyabr 2024

Azərbaycanın bu tanınmış şəxsi rektor təyin olundu

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Kamran oğlu Qasımov Bakı Avrasiya Universitetinin Təsisçilər Şurasının 30.09.2024-cü il tarixli qərarı ilə BAAU-nun rektoru vəzifəsinə təyin edilib.

 

Manset.az xəbər verir ki, Səyavuş Qasımov yeni təyinatadək BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb.

S. Qasımov 2001-2005-ci illərdə BDU-nun Tarix fakültəsində bakalavriat, 2005-2007-ci illərdə magistratura səviyyələrində təhsil alıb, hər iki pilləni fərqlənmə diplomu ilə bitirib.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə doktoranturada təhsil alıb və təhsilini 2011-2012-ci illərdə Avropa Birliyinin “Erasmus Mundus” proqramı üzrə Yunanıstanın Beynəlxalq Hellenic Universitetində davam etdirib. “Azərbaycan Respublikasının milli maraqları sistemində geosiyasi amil” mövzusunda siyasi elmlər üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək 2017-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 30-dan çox elmi məqalənin müəllifidir.

O, bir sıra beynəlxalq elmi konfranslarda çıxış edib. İngilis və rus dillərini bilir.

Əmək fəaliyyətinə 2007-ci ildə BAAU-nun Beynəlxalq münasibətlər kafedrasında müəllim kimi başlayıb. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, şöbə müdiri, Universitetin elmi katibi, kafedra müdiri əvəzi və dekan əvəzi vəzifələrində çalışıb. 2015-ci ildən yeni təyinatadək universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsini icra edib.

2014-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədridir. 

Azərbaycan Elm Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən 12 layihənin müəllifidir.

Elm və təhsil nazirinin əmri ilə  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.



Xəbər xətti

5 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin