Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya ilə təmin olunub

13:35 - 12 Oktyabr 2024

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya ilə təmin olunub

Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. İnsanların fundamental hüquqlarının qorunması, şəxsiyyət amili, ədalətli yanaşma, bərabərlik prinsiplərinin qorunması kimi ortaq dəyərlər mövcuddur. Dövlət institutlarında bu dəyərlər qanunlarla müəyyən edilir, qorunur, təmin olunur. Sivil ölkələrdə olduğu kimi Azərbaycanda da bu meyarlar ən yüksək səviyyədə həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti bütün dəyərlərə sadiq olduğunu bəyan edib.

Azərbaycanın 1995-ci ildə qəbul olunmus Konstitusiyası insan haqları ilə bağlı bütün beynəlxalq sənədlərdə öz əksini tapan normaları özündə cəmləşdirib. Hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün ən mühüm vəzifələrindən biri elan edən Azərbaycan Respublikası Konstitusiyanı qəbul etməklə bu sahədə mühüm addım atmış hesab olunur. 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, dövlət qurumları ilə yanaşı, vətəndaşlar da öz hüquq və vəzifələrini bilmək, müdafiə etmək, qanunvericilik çərçivəsində hüquqlarını bərpa etmək imkanına malik olmalıdırlar:

qaynarinfo.az

"Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması Konstitusiyada təsbit edilmiş əsas prinsiplərdən biridir. Ölkəmizdə insan hüquq və azadlıqlarının təminatı sahəsində kifayət qədər ciddi, ətraflı, əhatəli qanunvericilik bazası mövcuddur. Qanunvericilik bazası dedikdə, ilkin olaraq Azərbaycan Konstitusiyasına istinad olunması mütləqdir. Azərbaycan Konstitusiyasının bütöv bir fəsli, daha aydın desək 3-cü fəsli insan hüquq və azadlıqlarına həsr olunub. Sözügedən bölmədə insan hüquqlarına dair müxtəlif qanunlar, bu qanunları tətbiq etmək üçün atmalı olduğumuz addımlar müfəssəl olaraq əhatə olunub. Eyni zamanda müxtəlif aktlar var ki, Konstitusiyadan çıxış edərək qanunvericilik bazasında formalaşıb. 

Haqq və hüquqdan danışarkən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilindən, yəni Ombudsmandan danışmaq mütləqdir. Ombudsman, vətəndaşların dövlət orqanları ilə olan münasibətlərindəki problemləri həll edən müstəqil bir nəzarət orqanıdır. Ombudsmanın əsas funksiyası, insanların hüquqlarını qorumaq, dövlətin xidmətlərindən məmnuniyyətlərini artırmaq və ədalətsiz davranışları araşdırmaqdır. Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuşdur. Ombudsman haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu mövcuddur və qüvvədədir. Bu institutlar insanımızın, vətəndaşımızın hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mövcud olan institusional qanunvericilik bazası ilə yanaşı, eyni zamanda institusional orqanlardır. 

Milli Məclisin İnsan hüquqları komitəsi mövcuddur. Komitə Azərbaycan vətəndaşının hüquqlarının qorunması və pozulan hüquqların bərpa olunması istiqamətində kifayət qədər böyük işlər görür. Azərbaycan vətəndaşının bu və ya digər şəkildə hüquqları pozularsa, məhkəmələrə müraciət etmək haqqı var və məhkəmə əsasında da hüquqlarının bərpası təmin oluna bilir. Lakin bəzi hallarda insan hüquqları müəyyən formada Azərbaycan məhkəmə instansiyalarını keçməklə bərpa olunmursa, Azərbaycan vətəndaşının beynəlxalq konvensiyalara müvafiq olaraq, Avropa məhkəməsinə müraciət edərək hüquqlarının təmin olunması istiqamətində bu insitutdan yararlanmaq hüququ var və sözsüz ki, heç bir halda bunun qarşısı alına bilməz.

Təcrübələrimə əsasən qeyd edə bilərəm ki, bəzən ayrı-ayrı qurumlar, vəzifə borcunu yerinə yetirməkdən yayınan məmurlar insanımızın hüquqlarının pozulması yönündə bəzi addımlar atırlar. Bu səbəbdən onu deməyi özümə borc bilirəm ki, hər bir vətəndaş özünün hüquq və vəzifələrini çox gözəl bilməlidir. Dövlət qurumları ilə yanaşı, vətəndaşlar da öz hüquq və vəzifələrini bilmək, müdafiə etmək, qanunvericilik çərçivəsində hüquqlarını bərpa etmək imkanına malik olmalıdır. Bu, onların hüquqlarının pozulması halında müvafiq tədbirlər görməyə və ədaləti bərpa etməyə güc verən bir mexanizmdir. Vətəndaşların hüquq və azadlıqlarını qorumaq, onların aktiv iştirakını və cəmiyyətin inkişafını təmin edir".

Millət vəkili onu da qeyd edib ki, Azərbaycan gəncləri ictimai-siyasi hadisələrdə daha fəal iştirak etməlidirlər:

Bu gün Azərbaycan gənclərinin uğurları göz önündədir. Onlar müxtəlif sahələrdə əldə etdikləri uğurlarla ölkənin inkişafında mühüm rol oynayırlar. Təhsil, idman, mədəniyyət və innovasiya sahələrindəki nailiyyətləri gənclərin potensialını və müasir dünyaya inteqrasiya qabiliyyətini nümayiş etdirir.

Gənclərin ictimai-siyasi hadisələrdə fəallığı onların gələcək perspektivlərini və cəmiyyətin transformasiyasını formalaşdırır. Bu hadisələrdə aktiv fəaliyyət göstərmək onların öz hüquq və azadlıqlarını daha yaxşı öyrənməyə, müdafiə və təbliğ etməyə kömək edir.

Mən arzu edirəm ki, bizim yeni həyata atılan, uğur qazanmağa həvəsli olan gənclərimiz ictimai-siyasi proseslərdə daha fəal iştirak etsinlər. Azərbaycan dövlətinin milli maraqlarının müxtəlif platformalarda, xüsusilə beynəlxalq müstəvidə tanınması istiqamətində də öz təmsil etdikləri sahə ilə yanaşı dövlətimizə yardımçı olsunlar. Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının müdafiəsi üçün atılan hər bir addım dövlətə və insanlara paralel şəkildə yardım etmək deməkdir. Bu istiqaməti özünə yol tutan hər kəs tərəfimizdən böyük rəğbət və təqdirlə qarşılanır".

 

Fidan Əliyeva

6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb

 


Xəbər xətti

10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin