İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada - FOTOLAR
4 Dekabr 2024
01:00 - 4 Noyabr 2024
Son vaxtlar Bakıdakı ictimai iaşə obyektlərində saxta spirtli içkilər aşkarlanması ilə bağlı xəbərlərə tez-tez rast gəlinir.
Spirtli içkidən zəhərlənənlər də az deyil. Kliniki Tibbi Mərkəzin mətbuata verdiyi məlumatda qeyd olunur ki, son bir ildə ölkəmizdə alkoqollu içkilərdən (etanoldan) zəhərlənənlərin sayı 124 nəfər olub. Bu zəhərlənmələrdə əsas səbəb kimi isə keyfiyyətsiz araqlardan istifadə olunması göstərilir.
Bəs hansı araqlar keyfiyyətsiz hesab olunur?
Manset.az xəbər verir ki, peşəkar şərabçı Nadir İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, saxta araq, adətən, zavod arağından bir qədər acı və sərt olur:
"Çünki zavodda araq aktivləşdirilmiş kömürdən keçir. Aktivləşdirilmiş kömür isə onun tərkibində olan çoxlu miqdarda aldehidlərlə sivuş yağlarını özündə saxlayır və araq nisbətən təmizlənir. Zavod araqlarında yüksəkkeyfiyyətli su da olur, aşağıkeyfiyyətli də. Bir də spirtin keyfiyyətindən çox şey asılıdır. Hərçənd ki, spirti də müəyyən zavodlar istehsal edir, amma onun keyfiyyəti müxtəlif cür olur".
Ekspert bildirib ki, laborator üsulla arağın keyfiyyətini daha dəqiq yoxlamaq olur:
"Aldehidlər və sivuş yağları nə qədər çoxdursa, o arağın keyfiyyəti aşağı, dadı bir qədər acı olur. Evdə hazırlanmış araqlar kömürdən keçmədiyinə görə aşağıkeyfiyyətli alınır. Hərçənd, bəziləri deyirlər ki, mən kömürdən də keçirirəm. Evdə kömürdən keçirmək mümkün deyil, çünki bu, çox qəliz prosesdir və o proses dayanmadan getməlidir. Məsələn, bir ay, iki ay araq dayanmadan kömürdən keçməlidir. Dayananda arağın keyfiyyəti itir.
Restoranlarda, şadlıq evlərində, adətən, süfrəyə birinci yaxşı keyfiyyəti olan zavod arağını verirlər, ikinci, üçüncü butulkalar isə adətən, özləri hazırladıqları olur. Bunu içənlər hiss edə bilmirlər, çünki nisbətən keflənmiş olurlar. Hər restoran bunu etmir, amma müəyyən restoranlar var ki, bu yola əl atırlar".
Saxta şərab necə ərsəyə gəlir?
Nadir İsmayılov bildirib ki, şərablar iki əsas qrupa bölünür: süfrə şərabları və tündləşdirilmiş şərablar.
"Süfrə şərabları, öz növbəsində, turş (quru), kəmşirin və şirin şərablara ayrılır. Turş şərablarda şəkər olmur, kəmşirin şərablarda təxminən 2%-ə, şirin şərablarda isə 5%-ə qədər şəkər olur.
Maraqlıdır ki, turş şərablar, adətən, saxtalaşdırılmır. Çünki onlardakı hər hansı çatışmazlıq dərhal nəzərə çarpır. Daha çox kəmşirin şərabların saxtası hazırlanır. Onun tərkibindəki şəkər şərabın özünün çatışmazlıqlarını örtür və onu bir növ "bəzəyir", - deyə şərabçı qeyd edib.
Saxta şərabların necə istehsal olunması məsələsinə gələndə isə N.İsmayılov vurğulayıb ki, bu proses bir neçə üsulla həyata keçirilə bilər:
"Birinci üsul odur ki, ağ şərab istehsalında üzüm əzilir, şirəsi sıxılır və qıcqırdılır. Qalan puçal tullantısına su və şəkər əlavə edilərək yenidən qıcqırdılır. Üzümün qabığındakı və tumundakı dad maddələri əmələ gələn şərabın tərkibinə keçir və müəyyən oxşarlıq yaradır. Sonra bu şəraba bir qədər qırmızı şərab qatılaraq çəhrayı şərab kimi satışa buraxılır.
Digər üsul odur ki, konyak istehsalı üçün hazırlanan süfrə şərablarından spirt ayrılır. Qalan hissə isə saxta şərab istehsalında istifadə olunur.
"Barda" adlanan və tullantı üçün nəzərdə tutulan qalan hissəyə şəkər, spirt və dad qatqıları vuraraq saxta şərab istehsalında istifadə edirlər.
Üçüncü bir üsul budur ki, ucuz meyvə şirələrinə su, spirt, şəkər və limon turşusu qatılaraq müəyyən kondisiyaya çatdırılır və isti halda butulkalara doldurulur. Yüksək temperatur sterilizasiya prosesi yaratdığı üçün "şərab" qıcqırmır".
"Saxta şərabların tərkibinə, həmçinin, qliserin əlavə edilir. Bu da onun üçün edilir ki, qliserin qatılan maddələri bir-birinə bağlasın. Qeyd edim ki, hətta bəzi xarici firmalar tullantılardan quru enotaninlər hazırlayır ki, saxta şərabın rəngini düzəltsin və orijinala oxşatsın.
Peşəkarlar şərabın dadına, xüsusiyyətlərinə görə saxta olub-olmadığını asanlıqla ayırd edə bilirlər. Amma adi istehlakçı üçün bunu müəyyən etmək çətindir. Ümumiyyətlə, saxta şərablar keyfiyyət baxımından, əlbəttə ki, orijinal üzüm şərablarından xeyli geridə qalır", - N.İsmayılov bildirib.
Zavodlara saxta şərab istehsalı sərf etmir
"Saxta şərablar, adətən, şərabçılıqla məşğul olmayan şəxslər tərəfindən istehsal olunur. Şərab zavodlarında isə buna ehtiyac yoxdur. Çünki onlar öz üzümlüklərindən və ya digər təsərrüfatlardan lazımi qədər üzüm tədarük edirlər. Şərabçılara üzümün maya dəyəri, sortundan asılı olaraq, kiloqramı 30-50 qəpiyə başa gəlir və bir ton üzümdən təxminən 700 litrə qədər şərab hazırlanır. Ona görə də şərab zavodları üçün baha başa gələn süni maddələrlə saxta şərab istehsal etmək sərfəli deyil.
Bir şeyi də qeyd etmək yerinə düşər ki, saxta şərabları etiketinə görə ayırd etmək çətindir, çünki müasir çap texnologiyaları yüksəkkeyfiyyətli etiketlər hazırlamağa imkan verir. Bu da o deməkdir ki, orijinal şərabı saxtadan fərqləndirmək yalnız və yalnız dad xüsusiyyətlərinə əsasən mümkündür", - deyə N.İsmayılov əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin