"Federal hökumət COP29-da iqlim maliyyələşməsi ilə bağlı yeni yanaşmanın formalaşdırılması üçün çalışacaq" - Almaniya XİN

00:17 - 12 Noyabr 2024

COP29-da qalıq yanacaqdan uzaqlaşmaq, meşələrin qırılmasının dayandırılması, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, iqlim maliyyələşdirilməsi kimi məsələlərdə daha çox irəliləyiş əldə etmək istəyirik.

 

Manset.az xəbər verir ki, bu fikirlər Almaniyanın COP29 ilə bağlı hədəflərinə dair bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

“Yaşanılası dünyanı qorumaq üçün birlikdə çalışaq - Bakıda 29-cu Dünya İqlim Konfransının (COP29) başlaması” adlı açıqlamada COP29-un əsas müzakirə mövzusunun iqlim maliyyələşməsi olduğu vurğulanıb. İllik 100 milyard dollarlıq əvvəlki maliyyələşmə hədəfinin 2025-ci ildə başa çatacağı qeyd edilərək, sənayeləşmiş ölkələrin bu məbləği hər il inkişaf etməkdə olan ölkələrdə ətraf mühitin qorunması tədbirləri üçün səfərbər etməyi öhdələrinə götürdükləri diqqətə çatdırılıb. Bu mübarizədə dövlət vəsaitlərinin kifayət etmədiyi bildirilərək, federal hökumətin COP29-da iqlim maliyyələşməsi ilə bağlı yeni yanaşmanın formalaşdırılması üçün çalışacağı vurğulanıb.

“Biz qlobal iqlim maliyyələşməsini başdan-ayağa dəyişmək istəyirik. Bunun üçün onu ödəyə bilən və bu işə töhfə verə bilən hər kəs - ənənəvi sənayeləşmiş, eləcə də iqtisadi cəhətdən bunu etməyə qadir olan bütün ölkələr tələb olunur”, - deyə Almaniyanın xarici işlər naziri vurğulayıb.

Qeyd olunub ki, Almaniyada və beynəlxalq miqyasda yaşıl transformasiyaya qoyulan sərmayələr həm də qlobal sabitliyə, bununla da Almaniyanın və Avropanın təhlükəsizliyinə yatırılır. Təkcə Avropada iqlim böhranı 2023-cü ildə təqribən 13,4 milyard avro dəyərində ziyan vurub. Hərəkətə keçməmək daha böyük əlavə xərclər deməkdir.

Nazir qeyd edib ki, ölümcül fırtınalar, quraqlıqlar, hər əsrdə bir dəfə baş verən yeni daşqınlar və rekord istiləşmə səviyyələri iqlim böhranının yaşandığı dövrümüzün ən böyük təhlükəsizlik problemidir.

Açıqlamada 2023-cü ildə Dubayda keçirilən COP28-də qalıq enerjidən uzaqlaşmaq, dünyada bərpaolunan enerjini üç dəfə, enerji səmərəliliyini iki dəfə artırmaq və meşələrin qırılmasını dayandırmaq barədə mühüm qərarların qəbul edildiyi diqqətə çatdırılıb. Federal hökumət bu yolda davam etmək və beynəlxalq ictimaiyyətlə birlikdə, məsələn, elektrik şəbəkəsinin genişləndirilməsi və yaşıl transformasiya üzrə mütəxəssislərin mübadiləsi məqsədilə qətnamələrin həyata keçirilməsi yollarını tapmaq istəyir.

“Dünya İqlim Konfransında qalıq yanacaq növlərindən tam imtina edilməsi və bərpaolunan enerji mənbələrinin sürətlə genişləndirilməsi kimi, ölkələr olaraq birlikdə qərara aldığımız məsələləri birgə həyata keçirmək və sürətləndirmək üçün fəal şəkildə çalışacağıq”, - deyə Annalena Berbok bildirib.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin