Azərbaycanda söz azadlığı və demokratiya prinsipləri - TƏHLİL

15:55 - 14 Noyabr 2024

Azərbaycanda söz azadlığı və demokratiya prinsipləri - TƏHLİL

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Ümummilli lider Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz bir faktdır.  Azərbaycan mətbuatının sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəməyib. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin VI çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, Azərbaycanda demokratiya prinsipləri əsas götürülür və ölkəmiz davamlı olaraq inkişaf yolunda irəliləyir:

"Mən hesab edirəm ki, Azərbaycanda söz və ifadə azadlığı kifayət qədər mövcuddur. Hazırda sosial şəbəkələr vasitəsilə insanlar öz fikirlərini açıq şəkildə bildirə bilirlər və bu, heç bir məhdudiyyətə məruz qalmır. Bir çox fərdlər, ictimai məsələlər haqqında öz baxışlarını sərbəst şəkildə ifadə edə bilirlər. Bu baxımdan, Azərbaycan digər bir çox ölkələrə nisbətən fikir və söz azadlığı sahəsində irəliləyişlər əldə etmiş bir ölkədir.

Almaniyada yaşayan yaxınlarımın söylədiklərinə əsasən, orada rəsmi siyasətə qarşı fikir bildirən şəxslər, hətta müxalifət partiyalarına mənsub olmayan adi vətəndaşlar belə, bəzən ciddi məhdudiyyətlərlə üzləşirlər. Bu cür insanlar, yalnız sistemin və ya dövlətin müəyyən qüsurlarını ortaya qoyan şəxslər olduqda belə, çətinliklərlə qarşılaşa bilərlər. Təbii ki, hər bir ölkə üçün plüralizmin və məlumat azadlığının daha da inkişaf etdirilməsi vacibdir, lakin Azərbaycan artıq bu istiqamətdə mühüm addımlar atmaqdadır.

Azərbaycanda demokratiya prinsipləri əsas götürülür və ölkəmiz davamlı olaraq inkişaf yolunda irəliləyir. Lakin bu, o demək deyil ki, hər hansı bir şəxs, heç bir əsas və fakt təqdim etmədən, dövlətin və ya siyasətin əleyhinə böhtanlar və ya sensasiya yaradan məlumatlar yaymalıdır. Demokratik cəmiyyətdə ifadə azadlığı, həm də məsuliyyət daşıyan bir anlayışdır. Hər hansı bir şəxs, müəyyən məlumatları yayarkən, mütləq həmin məlumatların etibarlı mənbələrə əsaslandığını və əsaslandırıldığını sübuta yetirməlidir. Aksiyalar və ya çağırışlar, xüsusilə də dövlət çevrilişi kimi ciddi təhdidlərə yönələn hərəkətlər məhdudlaşdırılmalı və həmin şəxslər hüquqi məsuliyyət daşımalıdır.

Bu gün biz Azərbaycanı plüralizmin və demokratiyanın inkişafı istiqamətində mühüm addımlar atmağa davam edən bir ölkə kimi görürük. Dövlətimiz bu prinsipləri gücləndirmək üçün səylərini əsirgəmir. Artıq bir çox beynəlxalq təşkilatlar və xarici qonaqlar da Azərbaycanı bu istiqamətdə atdığı irəliləyiş addımlarını müsbət qiymətləndirirlər.

Üstəlik, Azərbaycanda çoxsaylı milli və etnik qruplar birgə yaşayır. Ölkə əhalisinin təxminən 10 faizi etnik azərbaycanlı olmayan vətəndaşlardan ibarətdir. Azərbaycan  rus, ukraynlı, gürcü, kürt, yəhudi və digər etnik mənşəli insanların birgə yaşadığı, qarşılıqlı hörmət və tolerantlıq prinsipləri əsasında qurulmuş bir cəmiyyətdir. Bu, Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, demokratiyanın inkişafı üçün də böyük əhəmiyyət kəsb edir.

Bu müsbət mənzərəni gələcəkdə daha da inkişaf etdirəcəyik. Azərbaycan artıq bir çox beynəlxalq səviyyədə öz pluralist və demokratik inkişafını sübuta yetirmişdir. Gələcək illərdə də bu istiqamətdə irəliləyişlər davam edəcək və biz doğru yolda olduğumuzu görəcəyik".

 

Fidan Əliyeva

6.3.2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

14 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin