Xudayar Yusifzadənin qardaşı tanınmış müğənninin qızı ilə ailə qurur
13 Dekabr 2024
19:55 - 23 Noyabr 2024
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi ilə Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli idi.
Manset.az xəbər verir ki, "Azərtac" Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqın qonaqpərvərliyinə işıq salan COP29-un keçirilmə prosesini təhlil edib.
Azərbaycanın qonaqpərvərliyi və yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti COP29 konfransının iştirakçıları tərəfindən xüsusilə vurğulandı. Beynəlxalq iştirakçıların - dövlət və hökumət başçılarının, tanınmış simaların və minlərlə qonağın Azərbaycanın təşkilatçılıq bacarıqlarını tərifləməsi ölkəmizin həm təhlükəsizlik, həm də peşəkarlıq baxımından qlobal nüfuzunu göstərdi. Konfrans zamanı Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakçı olduğu və beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş kimi qəbul edildiyi bir daha sübut olundu.
Bildiyimiz kimi, COP konfransları dünya siyasətinin “olimpiadası” kimi qəbul edilir. Bu tədbir iqlim dəyişikliyi ilə bağlı qlobal qərarların qəbul olunduğu və dövlətlərin strateji əməkdaşlıq imkanlarının müzakirə edildiyi ən ali platformalardan biridir. Çox az ölkə belə yüksəksəviyyəli tədbirləri müvəffəqiyyətlə keçirə bilir. Bu səviyyədə tədbirlərin təşkili həm maddi-texniki bazanın güclü olmasını, həm də beynəlxalq nüfuzun və etimadın mövcudluğunu tələb edir. Azərbaycanın qüsursuz təşkilatçılığı, 76 min nəfərin qeydiyyatından keçməsi və bu tədbirin tarixə rekordlarla düşməsi ölkəmizin dünya siyasətinin ön cərgəsinə çıxdığını göstərir. Tədbirin müxtəlif mərhələlərində qlobal liderlərin iştirakını təmin etmək, müzakirələrə şəffaflıq və peşəkarlıq qatmaq ölkəmizin təşkilati imkanlarının genişliyini təsdiqlədi. Azərbaycan yalnız təşkilatçı ölkə kimi yox, həm də qlobal oyunçu kimi öz mövqeyini bir daha sübut etdi. Bu uğur, həmçinin ölkəmizin beynəlxalq gündəlikdəki aktual məsələlərin həllinə töhfə vermək bacarığını nümayiş etdirdi.
Əminliklə deyə bilərik ki, Azərbaycanın bu uğuru beynəlxalq ictimaiyyətin ölkəmizə olan hörmət və etimadının bariz nümunəsidir. Tədbirin keçirilməsi üçün Azərbaycanın yekdilliklə seçilməsi ölkəmizin qlobal səviyyədə artan nüfuzunun və etibarlılığının təzahürüdür. Bu seçimin arxasında Azərbaycanın müstəqil siyasəti, balanslı mövqeyi və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr dayanır. Bakının müasir konfrans infrastrukturu və qonaqları qarşılamaq üçün yaradılan şərait tədbir iştirakçılarının yüksək rəyini qazanmaqla yanaşı, Azərbaycanın inkişaf etmiş ölkə statusunu bir daha təsdiqlədi.
Azərbaycanın bu mötəbər iqlim sammitini yüksək səviyyədə təşkil etməsi ölkəmizin beynəlxalq səhnədə qazandığı etibarının sübuta yetirilməsi idi. Konfrans çərçivəsində müxtəlif müzakirələrdə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları da böyük diqqət çəkdi. Heç bir təhlükəsizlik problemi yaşanmadan başa çatan konfrans Azərbaycanın təhlükəsiz ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu, həm də Azərbaycan dövlətinin təşkilatçılıq bacarığına, əməkdaşlığa yönəlik səmimi niyyətlərinə və xalqımızın qonaqpərvərliyinə işıq salan mühüm bir mesaj oldu.
Bununla yanaşı, COP29 Azərbaycanın son dövrlərdə yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul olunmasını da simvollaşdırdı. Hər kəs bilir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də regionda sabitlik və əməkdaşlıq üçün yeni çərçivələr qurub. Bu yeni reallıqları bəziləri qəbul etmək istəməsə də, Azərbaycanın qətiyyətli mövqeyi və strateji addımları həmin reallıqları mübahisəsiz gerçəkliyə çevirdi. Konfrans Azərbaycanın regionda sülh, inkişaf və əməkdaşlıq təkliflərinin beynəlxalq miqyasda dəstək qazandığını açıq şəkildə nümayiş etdirdi.
COP29-un ümummilli uğura çevrilməsi istiqamətində yaranan zəmin
Bu iqlim sammitinin uğurla keçirilməsi, iştirakçı ölkələrin Azərbaycanın yanaşmalarına dəstəyi, ölkəmizin təşəbbüslərinin qlobal səviyyədə təqdir edildiyini göstərdi. Bu dəstək, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin düzgün başa düşüldüyünü və qəbul edildiyini ortaya qoydu. Belə ki, COP29 Azərbaycanın regiondakı prosesləri qlobal siyasətlə inteqrasiya etdirmək bacarığını və dünyada özünəməxsus yerini daha da möhkəmləndirdiyini bir daha sübut etdi. Azərbaycan öz nümunəsi ilə təsdiqlədi ki, COP kimi tədbirlərin keçirilməsi məsələsində müxtəlif ölkələrə etimad göstərilə bilər, amma əsas vəzifə bu etimadı doğrultmaqdır. Azərbaycanın COP29-a ev sahibliyi yalnız təşkilatçılıq bacarığını deyil, həm də qlobal problemlərin həllinə məsuliyyətli yanaşma sərgiləyən bir ölkə kimi nüfuzunu artırdı. Ölkəmiz tədbirin hər bir detalı ilə bağlı yüksək peşəkarlıq nümayiş etdirərək, göstərilən etimadı layiqincə doğrultdu. Bu nümunə, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi.
Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkilatçıları və icraçıları, konfransın uğurla keçirilməsinə mane olmaq üçün müxtəlif yollarla səy göstərsələr də, xalqımız və dövlətimiz 44 günlük Vətən müharibəsində olduğu kimi, birlik, həmrəylik və müdriklik nümayiş etdirdi. Xalqımızın həmrəyliyi və dövlətin qətiyyətli siyasəti bu qarayaxma kampaniyalarının iflasa uğradığını bir daha ortaya qoydu. Azərbaycanın əldə etdiyi bu uğur yalnız təşkilati bacarıqların deyil, həm də milli iradənin gücünün göstəricisidir. Bu birlik ölkəmizin beynəlxalq təzyiqlərə qarşı dayanıqlılığını daha da gücləndirdi. Hamı aydın şəkildə gördü ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin şəxsən iştirak etdiyi hər bir tədbirin əhəmiyyətini dərk edir və bu tədbirlərin ölkəmizin maraqlarına xidmət etdiyinə əmindir. Prezident İlham Əliyevin COP29-da çıxışları, ali qonaqlarla görüşləri və sərgilədiyi mövqe xalqın və dövlətin maraqlarını qorumaq baxımından xüsusi önəm daşıyır. Xalqın dövlətimizin başçısına tam etimad göstərməsi, onun nəyi, necə və nə zaman etməsi ilə bağlı müdrikliyinə inanması bu tədbirin ümummilli uğura çevrilməsinə zəmin yaratdı. Azərbaycan xalqının dəstəyi isə ölkəmizin beynəlxalq arenada daha da güclənməsinə töhfəsini verdi.
COP tarixində yeni mərhələnin başlanğıcı qoyuldu
Azərbaycan Prezidentinin COP29-da etdiyi çıxış, eyni zamanda, ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini və onun ağır fəsadlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı, bu işğalın yalnız Azərbaycan üçün deyil, regional sabitlik üçün də yaratdığı təhlükələri vurğuladı. Bu, Azərbaycanın ədalətli mövqeyinin dünya səviyyəsində daha geniş anlaşılmasına və dəstək qazanmasına mühüm töhfə verdi. Həmçinin ölkə Prezidenti Azərbaycanın uğurlarını kölgələməyə çalışan qərəzli kampaniyaları ifşa edərək, həqiqətlərin və obyektiv yanaşmaların önəmini bir daha gündəmə gətirdi. Dövlətimizin başçısı yaşıl fanatizmə və reallıqdan uzaq çağırışlara qarşı çıxaraq, COP platformasında daha praktik və inklüziv yanaşmalara ehtiyac olduğunu vurğuladı. Bu çıxış yalnız Azərbaycanın mövqeyini gücləndirmədi, həm də COP tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanın təqdim etdiyi siyasi, iqtisadi və sosial inkişaf modelləri digər ölkələr üçün də nümunə oldu. Prezident İlham Əliyevin balanslı və praqmatik yanaşması Azərbaycanın postmünaqişə dövründə bərpa və inkişaf siyasətinin uğurlarını, dayanıqlı tərəqqi yolunu aydın şəkildə ortaya qoydu.
Azərbaycan xalqı isə ümummilli məsələlərdə birliyini bir daha nümayiş etdirdi. COP29 zamanı xalqın həmrəylik və təmkin sərgiləməsi, yol-nəqliyyat məsələlərində səbirli davranışı dövlət-xalq münasibətlərinin möhkəmliyini göstərdi. İnsanlar bu tədbirin Qarabağın azad edilməsindən sonra Azərbaycanın beynəlxalq səviyyədə yeni təqdimatı olduğunu yaxşı dərk etdilər.
Bütün bunlarla yanaşı, dünya Azərbaycanın mədəniyyətini, inkişafını və yüksək təşkilatçılıq bacarığını bir daha yaxından gördü. Dostlarımız bu uğura ürəkdən sevindilər, düşmənlərimizin ümidləri puç oldu. Bir sözlə, COP29 Azərbaycanın həm qlobal miqyasda mövqeyini, həm də daxili sabitliyini daha da möhkəmləndirən tarixi bir hadisəyə çevrildi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin