“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq
İnnovasiya və sürət
lideri “Bakcell” regionun ən nüfuzlu innovasiya tədbiri -“INMerge” Sammitinin tərəfdaşı
olacaq. Sammit çərçivəsində “Bakcell”in dəstəyi ilə baş tutacaq “Telco 2
Techco” panel müzakirəsində şirkətin baş icraçı direktoru Klaus Müller çıxış edəcək.
Tədbirdə qlobal texnologiya və telekommunikasiya şirkətlərinin nümayəndələrinin
iştirakı nəzərdə tutulur. Panel müzakirəsi zamanı dəyişən dünyada baş verən
çağırışlar, telekommunikasiya sənayesindən texnologiya sənayesinə keçid, son
dövr yeniliklər, süni intellekt əsaslı məhsul və xidmətlərlə bağlı müzakirələr
aparılacaq.
“Bakcell”
innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal
transformasiyası və texnologiya ekosisteminin inkişafında yaxından iştirak
edir. Bu həllər şirkətin həm əməliyyat proseslərində, həm də “Bakcell”in müştərilərinə
təqdim etdiyi gündəlik məhsul və xidmətlərində öz əksini tapır. Eyni zamanda,
şirkətin dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət strategiyası çərçivəsində
innovasiyalar və süni intellekt ilə bağlı geniş, əhatəli fəaliyyət planı həyata
keçirilir.
“Paşa Holding” tərəfindən
29-30 sentyabr tarixlərində təşkil olunacaq “INMerge” Sammiti Cənubi Qafqaz və
Mərkəzi Asiyada innovasiya, texnologiya və sahibkarlıq sahələrində liderləri,
startapları, investorları və dövlət nümayəndələrini bir araya gətirən ən mühüm
texnoloji tədbirdir. Builki “INMerge” Sammitində 5000-dən çox iştirakçı, 150-dən
artıq spiker və 100-dən çox startapın iştirakı nəzərdə tutulur. Sammit zamanı
iştirakçılar ən son trendlər, süni intellekt, data analitika, kibertəhlükəsizlik
və digər aktual mövzular üzrə fikir mübadiləsi aparacaq, eləcə də qlobal əməkdaşlıq
imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.