Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Göyçayda görüş təşkil edib. Heydər Əliyev Mərkəzində keçirilən görüşə 50-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Mərkəzi-Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Qədir Həsənov iştirak edib.
Manset.az xəbər verir ki, görüş zamanı fermer, sahibkar və vətəndaşlara Cənab
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata
keçirdiyi yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.
Bildirilib ki, görülən işlər nəticəsində ölkənin hər bir tərəfində müxtəlif
gücdə yarımstansiyalar tikilir, yeni transformatorlar quraşdırılır.
Həmçinin tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb.
Xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici
söhbət aparılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma
prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla
yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin
balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda
yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər,
qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu
ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların
sualları cavablandırılıb. Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də
elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat
verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli
üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan
onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub.
İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi
problemlər yerindəcə həll olunub.
Görüş zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin
təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında tədris
kursları fəaliyyət göstərir. Burada dərin biliyə, bacarığa və yüksək peşə
hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla
başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən
tanınan sertifikatlar təqdim olunur.
“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici
tədbirlər, görüşləri davam etdirir. Fermer və sahibkarların fikirləri, təklifləri,
tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər
aparılır. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin
olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.