Ermənidən artıq erməni olmaq sevdasına düşən İran molla-rejimi suları bulandırmaqda davam edir. Azərbaycanın 44 günlük müharibədən qalib kimi ayrılması ilanı yuvasından çıxaran səbəb oldu. Erməni sevgisi və tək "əjdaha başı" olmaq niyyətinə düşməsi səbəbindən İkinci Qarabağ müharibəsindəki tarixi zəfər ilə 30 illik işğala son qoyaraq regionda geosiyasi vəziyyəti xeyrinə dəyişən Azərbaycanın Cənubi Qafqazda əsas siyasi və iqtisadi aktor kimi daha güclənməsini heç cürə həzm edə bilməyən rəsmi Tehran Vətən müharibəsindən bəri "özünə" bənzəmir.
Yox, bəlkə də elə əsl İran budur. Sadəcə, uzun illər "din qardaşı, şiə qardaşı" adı altında pərdələnərək Azərbaycanın gözündən pərdə asmağı bacarmışdı. Amma artıq bu xalqı, türk millətini aldatmağın əvvəlki tək asan olmayacağını görən molla-fars rejimi elə bu səbəbdən də açıq şəkildə Azərbaycana qarşı geridə qalan iki ilə yaxın bir müddətdə kinini, nifrətini açıq nümayiş etdirməyə başlayıb.
Araz vadisi boyunca ard-arda keçirdiyi hərbi təlimlər, media vasitəsilə rəsmi Bakıya qarşı hədələr, təhdidlər, molla rejiminin boğazdan yuxarı bəyanatları səngimək bilmir ki, bilmir. Xüsusilə son iki ayda İran tərəfinin "güc nümayişi" yolu ilə Azərbaycanın gözünün odunu almaq cəhdləri bir-birini əvəz etməkdədir. Doğrudur, Azərbaycan İran molla rejiminə lazımı cavabı Arazın sahilində XTQ mıənsublarının da iştirakı ilə hərbi təlimin necə keçirilməli olduğunu göstərməklə verdi. Rəsmi Bakı Tehrana Azərbaycanı qıcıqlandırmağın nə ilə nəticələnə biləcəyini bu təlimlər vasitəsilə göstərdi.
Bəs İranın son dönəmlər Azərbaycan sərhəddində, Araz boyu oynadığı hərbi oyunların məqsədi nədir?
⚫ Azərbaycan dövlətinə “xox” gəlmək
İran yenə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərir. Ölkəmizdə İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışırlar. Təsadüfi deyil ki, Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların nəticələri də bunu sübut edir.
⚫ İranda ayağa qalxmış xalqın az da olsa diqqətini “vətən müdafiəsinə” çəkmək
Rejim "İsrailin sionist rejiminin Cənubi Qafqaz bölgəsində - Şərqi Zəngəzurda aktivləşməsinə imkan vermək olmaz" çağırışları bu gün İrandakı mövcud hakimiyyətə qarşı ölkənin dörd bir yanında zülmə, ədalətsizliyə qarşı yüksələn etiraz səslərini yatırıb, bütün xalqın diqqətini güya İrana qarşı hücum planı quran yad qüvvələrə qarşı yönəltməyə can atır. Amma molla rejiminin bu ssenarisinin də uğursuz olacağı istisna edilmir.
⚫ Dağılmaqda olan rejimi qorumaq məqsədi ilə Azərbaycan sərhəddində hərbi toqquşma yaratmaq ehtimalı
Amma İran molla-fars rejimi anlamır ki, Azərbaycana qarşı hər hansı bir hərbi addım atacağı təqdirdə Azərbaycanın ən böyük ordusu - 30 milyondan çox həmyerlilərimiz (Cənubi azərbaycanlılar) elə məhz İranın içində molla-fars rejiminə qarşı ayağa qalxacaq. O zaman isə İran Cənubi Azərbaycan Türkləri ilə qarşı-qarşıya qalacaq ki, bu da molla rejiminin sonunu tezləşdirəcək proses kimi tarixdə qala bilər.
Elə Azərbaycan Prezidentinin Cənubi azərbaycanlıların problemlərini xatırlatması və onların haqlarını təmin etmək üçün səy göstərəcəyini deməsi İran rəsmilərinə Bakıdan edilən ən böyük xəbərdarlıq kimi də şərh edilə bilər. İlham Əliyev bununla da molla-fars rejiminə anlatmış oldu ki, Azərbaycana hədə-qorxu gəlmək öz xalqına, öz vətəndaşlarına zülm verməyə bənzəməz.
Çox güman ki, dövlət başçısının mesidjini İranda lazımı adamlar Bakıya lazım olduğu şəkildə deyəsən anladılar. Belə düşünməyə son günlər İran rəsmilərinin Azərbaycan tərəfi ilə təmaslarının artması (istər iki ölkənin XİN başçıları arasında telefon danışığı, istərsə də Azərbaycan Prezidentinin köməkçisi ilə İranın Azərbaycandakı səfirinin görüşündən sonra İrandan müsbət siqnalların gəlməsi) kimi faktlar əsas verir. Amma belə görünür ki, molla rejimi reallıqda heç də bataqlıqdan çıxmaq niyyətində deyil.
Belə ki, "Təbriz nağılları"ından küyə düşən İran rəsmilərinin Bakıya iki ölkə arasında münasibətlərin inkişafının vacibliyi kimi nağıllar uydurduğu bir vaxtda yenə üfüqdə SEPAH (İran İnqilab keşikçiləri Ordusu) göründü. Daha əvvəl də "Qüdsə gedən yol Bakıdan keçir" deyən SEPAH tərəfindən yenə Azərbaycana qarşı təhdid dolu videolar paylaşılmaqdadır.
Bəli, yenə hiylə, yenə xəyanət, yenə riyakarlıq ...
Barışıq istəyən görüntüsü yaradıb, Azərbaycanı eskalasiyaya çəkən molla rejimi yenə də simasızlığını növbəti dəfə ortaya qoydu. Azərbaycanla İran diplomatları arasındakı təmasların təəssüratlar yekunlaşmamış SEPAH-dan növbəti təxribatın şahidi olduq. Az qala Xudafərin körpüsünü adlayıb sərhədçilərimizin keşik çəkdiyi hissəyə keçəcəkləri kadrlardan da aydın görünən iranlı uşaqların Azərbaycana qarşı nifrət, təhdid dolu çıxışları rəsmi Tehranın Bakını təxribata çəkmək, bölgədə eskalasiya niyyətindən başqa bir şey deyil.
Qüdsə getmək üçün indi də yolunu Xudafərindən salmaq xülyasına düşən SEPAH-ın bu məkirli niyyətləri üçün hətta azyaşlıları vasitə kimi istifadə etməkdən belə çəkinməməklə erməni anologiyasına sadiqliyini nümayiş etdirir. Belə ki, Ermənistanda da kimin hakimiyyətdə olmasından asılı olmayaraq 30 il əvvəl də, 44 günlük müharibə zamanı da, indi də qadın və uşaqlar hərbi və siyasi rəhbərlik üçün məqsədlərinə çatmaq yolunda ən əsas vasitə olub ki, burada yüzlərlə dəlil-sübutu olan məsələdən söhbət gedir.
Amma yeni ilin ilk günlərində molla rejiminin Azərbaycana qarşı hədəsi bununla kifayətlənmir. Bu dəfə SEPAH-ın İkinci Briqada generalı Əlirza Tənhayi təlxəklik qabiliyyətini nümayiş etdirib. O bildirib ki, "Azərbaycan Ukraynanın və Səddamın səhvlərini təkrarlamamalı və bilməlidir ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi olaraq heç vaxt sərhədlərinin təhdid edilməsinə heç vaxt imkan verməyəcək". SEPAH generalının bu çıxışı ilə siyasi hakimiyyətin Bakıya qarşı addımları arasındakı təzadı göstərir. Düzü heç inandırıcı deyil ki, İranın hərbi rəhbərliyi ilə molla rejimi arasında ciddi fikir ayrılığı hökm sürür. Rəsmi Tehranın Bakı ilə diplomatik təmasları artırması, müsbət siqnallar ötürmək cəhdləri sadəcə olaraq Azərbaycan tərəfinin İranda Cənubi azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən, edamlardan, qətllərdən fikrini yayındırmaq, diqqətini dağıtmaqdan başqa bir şey deyil.
Amma yaxşı olar ki, rejim kifayət qədər geniş vüsət alan etiraz aksiyalarının minlərlə iştirakçılarının tələblərini dinləyib, onlarla razılığa gəlmək üçün konstruktiv addımlar barədə düşünsün. Əgər molla-fars rejimi kirvəsi Nikol Paşinyan kimi dildə bir,əməldə tmam fərqli oyun oynamaq eşqinə düşübsə bu, onlar üçün çox ağır başa gələcək.
Tehran öz inadkarlığına, erməni sevdasına görə Azərbaycanı qarşısına almağa davam edərsə, bu il İranda daha ciddi hadisələrə şahid olacağımıza zərrə qədər də şübhə olmayacaq. İran rejiminin addımları inqilab hərəkatını gücləndirməklə rejimin devrilməsinə gətirib çıxardacaqdır ki, buna da ən böyük dəstəyin məhz Bakıdan olacağı molla rejimində zərrə qədər də şübhə doğurmasın. Çünki dövlət başçısımızn da bəyan etdiyi kimi Azərbaycan, türk dünyası daha 30 milyondan çox həmvətənlisinin, soydaşının taleyinə biganə qalmaq fikrində deyil.
Atabəy Türkel