"14 İyul xalqımızın tarixində heç vaxt unudulmayacaq gündür" - Deputat

18:30 - 14 İyul 2023

"Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 54 il ötür. Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır. Dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 14 İyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur". 

 

Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O vurğulayıb ki, Heydər Əliyev gördüyü işlərlə, yaratdığı nəticələrlə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm əsaslar formalaşdırıb:


"Heydər Əliyevin səyi nəticəsində Azərbaycan inkişaf etdi. Hansı sahəyə toxunsan inkişaf görürdük. 1969-cu ildən başlanan mərhələ bugünkü Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir. Dahi rəhbərin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb.


Xüsusilə qeyd edək ki, Heydər Əliyev ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün mümkün olan bütün addımları atıb. Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. 


Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Ulu öndərimiz bu gün  cismən aramızda olmasa da, onun işıqlı yolu uğurla davam edir. Bu yolu   layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib".


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin