Ermənistan quyruğunu dişləyir. Zingiltisi bütün regiona yayılan separatçılar isə artıq hər şeyin biraz da sona yaxınlaşdığını yaxşı başa düşür. Hətta hadisələrin gedişatı deməyə əsas verir ki, Ermənistan hakimiyyətinə və Qarabağdakı qondarma rejim qalıqlarına ümidlərini dikdikləri o saman çöpü də kömək olmayacaq.
Fransa bacısı Ermənistanın durumundan halidir. Elə buna görə də gah BMT vasitəsi ilə rəsmi Bakıya təzyiqlərini artırmağa çalışır, gah da 30 il ərzində mandatından başqa hər işlə məşğul olan ATƏT-i proseslərə qoşaraq əsasszı şəkildə Qarabağdakı vəziyyətlə bağlı indi də beynəlxalq ictimaiyyətdə Azərbaycandan narazılıq görüntüsünü artırmaq, Laçın yolundakı vəziyyəti "humanitar fəlakət", "böhran" kimi təqdim etmək üçün yararlanmaq eşqinə düşüb.
Göründüyü kimi Fransa və erməni lobbisi pullarının qapılarını açdığı beynəlxalq təhsisatlar vasitəsi ilə Azərbaycandan istədiklərini qoparacaqları istiqamətində ümidlənirlər. Bu isə bölgədə sülhə böyük zərbə olmaqla yanaşı, bütün beynəlxalq konvensiyaların pozulması, separatizmin alovlandırılması, Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış etmək deməkdir.
Xüsusilə bu çirkin oyuna yenidən ATƏT-in bulaşmaq arzusu Bakının daha sərt addımlar atması məsələsini aktuallaşdırır. ATƏT mandatını kobud şəkildə pozur, tərəflərdən biri olan Azərbaycanla məsləhətləşmədən bölgəyə xüsusi nümayəndəsini göndərir. ATƏT-in bu addımında obyektivlik axtarmaq sadəlöhvlükdən başqa bir şey deyil. Çünkü tamamilə qərəzli yanaşmadır, ikili standarltardan verilmiş qərardır.
Qərəzli deyilsə, o zaman yalnız bir tərəfdə qalaraq vəziyyəti necə izləyyib, bölgədəki mövcud vəziyyətlə bağlı obyektiv fikir söyləmək, şərh vermək olar? Belə sözün əsl mənasında birtərəfli monitorinqdən hansı "hesabat" nəticə verə bilər axı?
Aydın məsələdir ki, ATƏT öz zərurətini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxır, amma baş verənlər bir daha təsdiq edir ki, tam əksidir. Hadisələr bir daha bu qurumun mövcudluğunun nə qədər lazımsız, əhəmiyyətsiz və haqq-ədalətdən birxəbər olduğunu nümayiş etdirir. Anjey Kaspşikin keçmiş Minsk Qrupunun həmsədri olduğu dönəmdən də bir şeyi yaxşı bilirik ki, o, haqqın tərəfini tuta bilməsə də, əlində yaxşı "binokl" tutmağı var.
Anjey Kaspşik binokl ilə Laçındakı sərhəd - keçid məntəqəsinə baxaraq ATƏT-in 28 il ərzində edə bilmədiyini Azərbaycanın özünü etdiyini öz gözü ilə gördü. İnanmıram ki, bu qoca avropalının gördüyü mənzərədən ürəyi açılsın. Çünkü o və həmkarları 30 ilə yaxın bir müddətdə əllərindən gələni etdilər ki, Qarabağda "turizm siyasətləri" əbədiləşsin, ermənilərin Azərbaycan torpaqlarını işğalı prosesi legitimlik qazansın və zaman ötdükcə həm Azərbaycan xalqı, həm də rəsmi Bakı bu "yorucu" polimikadan imtina edib, əlini Qarabağdan üzsün.
Amma Kaspşikin "binokl"u ona tamamilə fərqli mənzərəni nümayiş etdirdi. Yəqin keçmiş diplomat Laçın sərhəd buraxılış məntəqəsindən keçən ermənilərin təcili yardım maşınından qondarma “Artsax respublikası səhiyyə nazirliyinin qaynar xətt xidməti” yazılmış bannerinin də sərhədçilərimiz tərəfindən elə ermənilərin özlərinə necə sökdürdüyünü də gördü.
Hər halda bu gedişlə Kaspşik və digər "silahdaşları" böyük ehtimalla bir də Laçın dəhlizi istiqamətində boylansalar, növbəti dəfə Qarabağ ermənilərinin silahsızlaşdırılması, tərksilah edilməsi prosesini, Azərbaycanın bu istiqamətdə atdığı digər praktiki addımları müşahidə etmək imkanına da nail olacaqlar.
Görünən odur ki, Azərbaycan qarşısına qoyduğu hədəflərin mütləq əksəriyyətinə - Azərbaycanın Qarabağ və anklavlar üzərində suveren hüquqlarının Ermənistan tərəfindən tanınmasına, separatçıların Bakının qılıncının altından keçməsinə, humanitar təminatın Ağdam-Xankəndi yolu yolu ilə daşınmasına və etnik ermənilərin reinteqrasiya məsələsinin daha da sürətli şəkildə icrasına nail olacaq.
Azərbaycan istəyinə hər gün biraz da yaxınlaşır. Ümumi vəziyyət deməyə əsas verir ki, rəsmi Bakının separatçılara divan tutmaq üçün beynəlxalq hüquq və normalarla istənilən qərarı vermək imkanı var. Amma yaxşı olar ki, Ermənistan tərəfi qorumağa çalışdığı separatçılara divan tutulmadan, masada Bakının təkliflər paketini qəbul edib, əlini sıxsın. Əks təqdirdə quyruqları qapının arasında elə sıxılacaq ki, zingiltiləri Fransada eşidiləcək, amma nə Makron, nə da bir qeyrisi onları bu əziyyətdən xilas etmək barədə daha düşünməyəcəklər.
Atabəy Türkel