“Bir müddətdir ki, Avropa İttifaqının təsisatlarının Azərbaycana qarşı qərəzli yanaşmaları, qərarları ən pik həddə çatıb. Son addımlar və qərarlar da bu qərəzi açıq-aydın göstərdi. Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum start götürüb. AŞPA da artıq bu hücumda ön sırada yer alıb. Açıq aşkar görünür ki, AŞPA Azərbaycanın müstəqil və qətiyyətli siyasətini həzm edə bilmir”.
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O qeyd edib ki, AŞPA kimi beynəlxalq qurum Almaniya və Fransanın əlində oyuncağa çevrilib:
“Fransa Azərbaycana qarşı bu qurumdan istifadə edir və ölkəmizə təzyiq göstərir. Bu təşkilatda Azərbaycana qarşı ermənipərəst və islamofob qüvvələr hər zaman olub. Onların daha da aktivləşməsinin əsas səbəbi isə Azərbaycanın öz suveren ərazisini tam bərpa etməsidir. Azərbaycan dövləti burada heç nəyi uduzmadı, əksinə, uduzan AŞPA olacaq. Çünki AŞPA Azərbaycan kimi bir dövləti öz sıralarından kənarlaşdırmaq planını qurursa, bu, onun üçün yaxşı nəticə verməyəcək. Görünür ki, AŞPA öz səhv qərarını anlayacaq. Çünki Azərbaycan regionun lider dövlətidir və Avropanın enerji təchizatında mühüm rol oynayır”.