Ermənistan sülhdən qaçmağa çalışır - Bakı İrəvanın yeni planını DEŞİFRƏ ETDİ

11:47 - 30 Yanvar 2024

Ermənistan sülhdən qaçmağa çalışır - Bakı İrəvanın yeni planını DEŞİFRƏ ETDİ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl belə bir bəyanat səsləndirdi ki, Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclasının keçirilməsi barədə razılıq əldə olunub. Bu, olduqca əla xəbərdir. 

 

Anoloji görüş 2023-ün sonlarında - noyabrın 30-da Qazax-İcəvan sərhəddində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirilib. Görüşdə Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə sərhədlərinin delimitasiyasını müzakirə ediblər.

Dekabrın 14-də isə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti" təsdiq edilib.

Bu görüşlər və rəsmi İrəvandan səsləndirilən bir çox bəyanatlar da deməyə əsas verir ki, artıq iki ölkə arasında üçüncü bir tərəfin iştirakı olmadan bir çox məsələlərlə bağlı təmaslar davam edir. Lakin fürsətcil Ermənistanın ən müsbət hesab etdiyimiz gedişatdan belə öz məkirli niyyətini işə salmaq üçün istifadə etmək "istedadını" nəzərə alsaq, o zaman daha diqqətli və planlı addımlara ehtiyacımızın olduğunu deyə bilərik. 

Əslində rəsmi Bakının İrəvana artan təzyiqi fonunda qarşı tərəfin özünü ifşa edən qərarlarına artıq zaman-zaman alışmağa başlamışıq:

1. Ermənistanın belə bir sərsəm bəyanatlarından biri 44 günlük müharibədən bu yana Azərbaycana verməkdən imtina etdiyi real mina xəritələri ilə bağlıdır. 

Baxmayaraq ki, geridə qalan 4 ilə yaxın bir müddətdə Erməmnistan rəsmiləri müxtəlif səpgili dialoqlar zamanı təkid və qəti şəkildə əllərində olan mina xəritələrini Bakıya təqdim etdiklərini bildirirdilər, bu yaxınlarda Ararat Mirzoyanın "Ermənistan minalanmış ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər" açıqlaması rəsmi İərvanın məkirli planını, əsl xislətini bur daha ifşa etmiş oldu.

Buradan çıxan nəticə ondan ibarətdir ki, Ermənistan üçün yalan danışmaq su içmək qədər asandır. Qarşı tərəf mina xəritələrini Azərbaycana təqdim etməməklə nəyi planladı:

I: Azərbaycanda mina terrorunun qurbanlarının sayını maksimum artırmaq

II: Bu xəritələrdən Azərbaycana qarşı təzyiq metodu kimi istifadə edib, qarşılığında çox vacib bir məsələdə rəsmi Bakıdan güzəşt əldə etmək

Lakin bu niyyətlərini reallaşdırmağa çalışan Ermənistan tərəfi yenə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın dəyişən geosiyasi reallığı nəzərə almır, postkonflikt mərhələsinin tələblərini görməzdən gəlir.

2. Rəsmi İrəvanın indiki mərhələdə ikinci və əsas manipulyasiya vasitəsi sərhədlərin demorkasiya-delimitasiyası məsələsi ola bilər. Ermənistan tərəfi məhz bu məsələdən yekun sülh sazişinin imzalanması prosesini ləngitmək, vaxt qazanmaq məqsədi ilə istifadə etməyi planlaşdıra bilər.

İstisna edilmir ki, 8 kəndin – Qazaxın 7 və Kərki kəndi – azad edilməsinə qarşı İrəvan “erməni kəndləri” iddiası Ermənistanın əlində əsas rıçaq olaraq qalacaq. Rəsmi İrəvan keçən ilin noyabrından xüsusilə 8 kəndin qaytarılmasına qarşı bildirir ki, “Ermənistanın 31 kəndi ya tamamilə, ya da qismən Azərbaycanın nəzarəti altındadır. Bu 31 kəndin qaytarılmasından da danışmalıyıq”.

İrəvan “31 kəndə” Başkəndi və müharibədən sonra dövlət sərhədinin bərpası nəticəsində ordumuzun nəzarət zonasına düşən əraziləri daxil edir. Və bu iddia ilə ya 8 kəndin qaytarılmasını arxa plana keçirmək, ya da Başkəndi almaq və ordumuzun sərhədboyu mövqelərindən geri çəkilməsini təmin etmək niyyətindədirlər. Nəticə etibarilə, Azərbaycan və Ermənistanın sərhədlə bağlı gündəliyi fərqlidir.

Baxmayaraq ki, İrəvanın Bakıya göndərdiyi yekun sülh sənədində bilavasitə müsbət məqamlara rast gəlindiyini Ceyhun Bayramov da son birifinqdə bildirdi. Halbuki qarşı tərəfin Azərbaycana qarşı 31 kəndi arqument kimi istifadə etmək niyyətinin pərdəarxasında məhz danışıqlar prosesini dalana dirəmək, ortaq məxrəc tapılmasına mane olmaqdır. 

Bu məqsədlə rəsmi İrəvan yekun sülh sənədinə delimitasiya ilə bağlı bəndi daxil etmək üçün əlindən gələni edir. Bu Bakı üçün problem deyil...

İstənilən halda şərtləri diqtə edən Azərbaycandır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi elə ən doğru, ən ədalətli yanaşmanı da məhz Azərbaycan nümayiş etdirir. Dövlət başçımızı yerli telekanallara son müsahibəsi zamanı etdiyi açıqlamalar arasında Ermənistanın bu manipulyasiya cəhdlərini deaktivləşdirəcək çox önəmli mesajlara şahid olduq

Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər: "Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, bizim dost və qonşu Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki, tam aparılmayıb. Ona görə əgər biz bu iki mövzunu qarışdırsaq, onda sülh müqaviləsi uzanacaq, bəlkə də 30, 50 il bundan sonraya. Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır".

Bununla da dövlətimizin başçısı növbəti dəfə Ermənistanın manevr imkanlarının çox məhdud olduğunu, delimitasiya prosesinin sülh sınədinə imza atmaqdan yayınmaq üçün çıxış yolu olmadığını xatırladaraq, İrəvanı Bakının şərtləri ilə yaxın tezlikdə razılaşmaqdan başqa yolunun olmadığına işarə etdi. 

Atabəy Türkel


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv