"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcıdır. Bu səfər çərçivəsində imzalanan memorandumlar Azərbaycan ilə ABŞ arasında enerji, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır".
Bunu Manset.az-a açıqlamasında deputat Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan böyük tranzit ölkəsi kimi Orta Dəhliz üzərində mühüm rola malikdir və Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşdır:
"Eyni zamanda, Azərbaycan NATO üzvü dövlətlərə mavi yanacaq ixrac edir ki, bu da əməkdaşlığın gələcək perspektivlərini artırır. Alternativ enerji mənbələri, süni intellekt, terrorizmə qarşı mübarizə və silah ticarəti sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakı və silah ixrac imkanları bu sahədə mühüm töhfədir".
Deputat vurğulayıb ki, səfərin ən əhəmiyyətli nəticələrindən biri Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün ilkin razılaşmanın əldə olunmasıdır.:
"Azərbaycanın irəli sürdüyü şərtlər – Ermənistanın ərazi iddialarından əl çəkməsi, Minsk qrupunun ləğvi və Zəngəzur dəhlizinin açılması – artıq həll mərhələsindədir.
Zəngəzur dəhlizinin açılması həm tarixi, həm də iqtisadi baxımdan böyük əhəmiyyətə malikdir və Azərbaycanın öz tarixi torpaqları vasitəsilə ərazisinə birbaşa çıxışı təmin edəcək".
Deputat Aydın Hüseynov səfərin yalnız iki ölkə arasında deyil, həmçinin regionda sülh və əməkdaşlıq üçün tarixi hadisə olduğunu bildirib.