Hazırkı dövrdə sosial şəbəkələr, burada fəaliyyət göstərən influenserlər bahalı həyatı, tez-tez edilən səyahətləri, yalnız brend geyim və əşyalardan istifadəni təbliğ edirlər. Sadə insanlar isə bunları görüb həmin həyat tərzlərinə həvəs edir, lakin bunu əldə edə bilmədikdə isə psixoloji sarsıntı yaşayırlar. Sosial şəbəkələrdə şərh bölmələrində də biz bu məsələnin insanlar tərəfindən geniş müzakirə olunduğunu müşahidə edirik. Belə həyat tərzlərinin şahidi olmaq bunu əldə edə bilməyən insan psixologiyasına necə təsir edir? Bu cür influencerləri insanların psixologiyasına ziyan vurmaqla günahlandırmaq düzgündürmü?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Manset.az-a açıqlamasında bildirib ki, sosial media influenserləri tərəfindən təbliğ edilən bahalı həyat tərzi, lüks səyahətlər və brend geyimlər insanlarda komplekslər yaradır.

“İnsanlar hər zaman özlərini başqaları ilə müqayisə edirlər. Sosial media insanlara "ideal" həyat tərzini nümayiş etdirir. Lakin bu həyat tərzini əldə etmək çətin və ya qeyri-mümkün olduğunda insanlar özlərini uğursuz hiss edirlər. İnsanlar komfortlu həyat tərzinin ancaq sosial fenomenlərə aid olduğunu görürlər. Yaranmış sosial təzyiq izləyici mövqeyində iştirakçı olan insanlarda özünə inamı aşağı salır.
İnfluenserlər çox vaxt özlərini "ideal" şəxslər, bəzən isə ekspert kimi təqdim edir. İnfluenserlərin düşüncə və davranışları izləyicilərdə ideal şəxsiyyət və həyat tərzi arzusu yaradır. İnsanlar həyatda daha çox uğur əldə etmək, xarici görünüşlərini mükəmməlləşdirmək və maddi cəhətdən daha yaxşı olmağa niyyətlənirlər. Burda qəbahət yoxdur, amma reallıq var. İdeallıq reallıqla toqquşanda depressiv düşüncə yaranır. Vizuallıq insanın özünü göstərmək və görmək istədiklərindən ibarətdir. Psixoloji narahatlıqlar fərdin görünməyən gözləntiləri ilə müəyyən edilir”.
Klinik psixoloq qeyd edib ki, influenserləri insanların psixologiyasına ziyan vurmaqla günahlandırmaq da doğru deyil:
“Uyğun və uğurlu sosial fəallar var ki, fəaliyyətlərini olduğu kimi, reallığa uyğun təqdim edirlər. Sosial fəallar rəqəmsal dünyanın tələbidir və faydalılığı artmalıdır. Real dünyada olduğu kimi rəqəmsal dünyada da insanlar tək yaşadıqlarını düşünməməlidirlər. İzləyicilər rəqəmsal dünyadakı reallığın həqiqət olmadığını bilməlidirlər. İnfluenserlərin fikir və davranışları korporativ fəaliyyətlərdir. Yəni bu, onların işidir. İnsanların işinə həyat tərzi kimi baxmaq olmaz.
Sosial şəbəkələrdə və influenserlərin fəaliyyətində müəyyən etik qaydaların olması faydalıdır. Səhiyyə, təhsil və psixoloji məsələlərlə bağlı məlumatlara nəzarət olunmalıdır. Kimsə özünü psixoloq kimi təqdim edib elmi olmayan fəaliyyətləri insanlara peşəkar xidmət kimi təqdim etməməlidir. Aidiyyatı qurumların əməkdaşlığı ilə qanunla tənzimlənməlidir. "Hər kəsin öz həyat tərzi var" yanaşması ilə yanaşmaq da həll növü ola bilər. Gərək insanlarda sağlam düşüncə və özünə qiymət anlayışı inkişaf etmiş olsun”.
Fidan Vəlisoy