Ölkə ərazisində dövlət bağçaları saat 5-ə qədər fəaliyyət göstərir. Lakin demək olar ki, bütün iş yerlərində iş saatı 6-ya qədərdir. Bu da valideynlərə bir sıra çətinliklər yaradır. Valideynlər məcbur olurlar ki, bağça müəllimlərinə xahiş, “hörmət” qarşılığında uşağı bir iki saat əlavə bağçada saxlatsınlar. Bəs dövlət bağçalarının iş saatları nəyə görə belədir? Bağçaların iş saatlarının uzadılması mümkün ola bilər?
Sosioloq Elçin Bayramlı Manset.az-a açıqlamasında bildirib ki, bağçaların bu cür fəaliyyəti onların rəhbərliklərinin törətdikləri qanunsuzluqdur:

“Bütün bağçaların rəsmi və qanuni fəaliyyət müddəti səhər saat 7-dən axşam saat 7-yə qədərdir. Bu mütləq belə olmalıdır. Çünki uşaqların valideynləri işləyir, bəziləri uzaqdan gəlir, iş vaxtı saat 6-da bitirsə, ən yaxşı halda valideyn 7-yə qədər uşağını götürə bilər. Hətta bəzən ondan belə gec müddət tələb olunur gedib çatmaq üçün. Amma hər halda saat 7-yə qədər tam fəaliyyət müddəti olmalıdır. Çox təəssüf ki, bəzi bağçalar hətta saat 5-dən sonra fəaliyyəti dayandırırlar və uşaqları götürməyi tələb edirlər. Bu baxımdan da valideynlərin çox böyük hissəsi bu məsələdə əziyyət çəkirlər. Bu, qanunsuzluqdur”.
Sosioloq qeyd edib ki, belə hallar baş verdikdə valideynlərin şikayətlə müvafiq qurumlara müraciət etməsi problemin həllində mühüm rol oynaya bilər:
“Bununla bağlı hallar olduqda müvafiq orqanlara şikayət olunmalıdır, həmin bağçanın rəhbərliyi cəzalandırılmalıdır. Bu məsələyə ciddi nəzarət olunmalıdır, uşaqlar ən azı saat 7-yə qədər problemsiz şəkildə saxlanmalıdır. Qanun bunu dəstəkləyir, amma sözügedən qanunsuzluq bağçaların öz rəhbərlikləri tərəfindən həyata keçirilir və iki məqsədi var. Birincisi, öz rahatlıqları, işdən daha tez çıxa bilmələri, ikincisi isə valideynlərdən bu minvalla “5-10 manat qoparmaq” üçün... Həm vətəndaşlar, həm də dövlət orqanları özü bu məsələyə xüsusi diqqət etməlidirlər. Bu hallar ictimailəşdirilərək məsul orqanlara bildirilməlidir”.
Fidan Vəlisoy