Xəbər verdiyimiz kimi, İranın Azərbaycana dron hücumu baş tutub. Belə ki, İran bir neçə dron vasitəsilə Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərinə zərbələr endirib. Gözlənilməz zərbələr İran molla rejiminin əsl niyyətini bir daha nümayiş etdirdi.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında İranın hücumundan və bu hücumun mümkün nəticələrindən danışıb:
“İrana qarşı hərbi əməliyyatlarda öz ərazisini poliqon etməyən, İran Ali rəhbərinin ölümü ilə bağlı başsağlığı verən Azərbaycan İranın dron zərbələrinə məruz qalır. Türkiyə vurulduğu zaman XİN rəhbəri Hakan Fidan bunu şərh edərkən “İran özünü itirib sağa-sola dron atır, özü gedərkən başqalarını da aparmaq istəyir”, - deyə bildirmişdi””.
Deputat bildirib ki, qonşuluqda müharibənin başlamasının regiona və ölkəmizə mümkün təsirləri aydın idi:
“Azərbaycanın xarici siyasət prioritetlərindən bir də qonşularla normal münasibətin olması və qonşu ölkələrdə münaqişənin olmaması, regional sabitliyin olmasıdır. İranla münasibətlərimiz də bu günədək normal olub.
Naxçıvana dron zərbəsini qətiyyətlə pisləyirik. Zərbələr nəticəsində iki vətəndaşımız xəsarət alıb. Azərbaycan ərazisinə bu hücum gərginliyin artmasına səbəb olmaqdan başqa bir şey deyil. Azərbaycan öz sərhədləri daxilinə hər hansı hücuma cavab vermək hüququ və iqtidarındadır. Qarşı tərəf rəsmi üzrxahlıq etməlidir”.
Fidan Vəlisoy