“İran rejiminin “Şahid” PUA-ları ilə Naxçıvan hava limanına hücumu açıq və kobud şəkildə beynəlxalq hüququn, xüsusilə də, suveren dövlətlərin ərazi bütövlüyünün pozulmasıdır”.
Bu sözləri Manset.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Azərbaycan bu günə qədər İrana qarşı heç bir mənfi hərbi, iqtisadi və siyasi duruş sərgiləməyib:

“İranın vaxtaşırı təxribatlarına və hədələrinə rəğmən, rəsmi Bakı cənub qonşusuna qarşı konstruktiv və ölçülü mövqe saxlayıb. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və bir çox mülki şəxslərin həlak olması ilə bağlı başsağlığı verib. Lakin İran ordusunun bu cür əməliyyatları molla rejiminin riyakarlığını, nankorluğunu və beynəlxalq norma və öhdəlikləri kobud şəkildə pozmaq əzmində olduğunu bir daha göstərir.
ABŞ və İsrailin son hərbi əməliyyatları ərəfəsində Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı istifadə edilməyəcəyini bəyan edib, neytral mövqeyini sübut edib. Buna baxmayaraq, İranın törətdiyi təxribatlar ölkəmizə qarşı riyakar və düşmən münasibətin bariz nümunəsidir”.
Politoloq onu da qeyd edib ki, Azərbaycan suveren dövlət olaraq öz ərazi bütövlüyünü qorumaq haqqına malikdir:
“Bu həm beynəlxalq hüquqa, həm də milli təhlükəsizliyə əsaslanan legitim müdafiə hüququdur. Hadisənin birbaşa Azərbaycan ərazilərinə – xüsusilə strateji əhəmiyyətə malik Naxçıvana – yönəlməsi Azərbaycan üçün həm hərbi, həm də diplomatik cavab haqqını yaradır.
Azərbaycan ordusu İrana hər cür cavab vermək gücünə və iqtidarına malikdir. Ölkəmizin real müharibə və qələbə təcrübəsi var. Yəni Azərbaycan İranın zərbə endirdiyi və cavab almadığı dövlətlər kimi deyil. Hər şeydən öncə, İran hakimiyyəti Tehranda yaşayan 35–40 milyon azərbaycanlını unutmamalıdır…
İranın hədd aşması davam edərsə və vəziyyət fərqli motivlərlə dərinləşərsə, Azərbaycan Şuşa Bəyannaməsinə əsasən Ankara ilə ortaq hərəkət edə bilər. Tehran üçün Bakı və Ankaranı qarşısına almaq rejimin iflası deməkdir.
İran Naxçıvana etdiyi dron hücumlarının əvəzini ağır ödəyəcək. Artıq Xarici İşlər Nazirliyi bunun anonsunu verib. Nazirliyin yaydığı bəyanatda vurğulanır ki, Azərbaycan İranın dron zərbələri ilə bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.
Fidan Vəlisoy