İranın Naxçıvana dron hücumu regionda gərginliyi daha da artıraraq beynəlxalq hüquq baxımından ciddi tənqidlərə səbəb oldu. Azərbaycanın ərazi bütövlüyünü hədəf alan bu hücum İranın günahsız, sivil əhalinin təhlükəsizliyinə necə təhdid yaratdığını bir daha göstərdi. Bu təcavüzkar hərəkətlərin yalnız yerli sakinlərə deyil, bütövlükdə regiondakı sabitliyə də ciddi təsir göstərəcəyi məlumdur.
Politoloq Məhəmməd Əsədullazadə Manset.az-a açıqlamasında bildirib ki, İran hər nə qədər təkzib etsə də, ötən gün Naxçıvan ərazisinə olunan hücum planlı şəkildə həyata keçirilib.

“İranın Naxçıvan Hava Limanına, mülki infrastruktura hərbi zərbə yetirməsi bilərək və planlı şəkildə həyata keçirilib. Bu İranın Azərbaycana qarşı bir növ dövlət terrorudur. Cənab Prezident bu xüsusda tam aydın mövqe ortaya qoydu. Cənubi Azərbaycan məsələsinə gəldikdə isə bu məsələdə hər şey rəsmi Bakıdan asılıdır. Biz geosiyasi reallıqlara uyğun hərəkət etməliyik. Tarixi fürsətdən istifadə etmək mütləqdir, amma proseslərin gedişatı hansı istiqamətdə gedəcəyi də qiymətləndirilməlidir. Bu məsələdə Bakı və Ankara orta mövqe tutmalı və koordinasiyalı çalışmalıdır. Çünki hələ də müharibə davam edir. İran rejiminin çökdürülməsi istiqamətində ABŞ və İsrailə nöqtə əməliyyatları davam etdirilir”.
Politoloq qeyd edib ki, bütün bu hadisələr fonunda Azərbaycan tərəfindən qəbul olunan İrandakı səfirliyin və konsulluğun geri çağırılması qərarı gözlənilən və olduqca düzgün qərar idi.
Fidan Vəlisoy