Bunu edən həkimlər cəmiyyəti məhvə aparır - Professor AÇIQLADI

13:37 - 23 Aprel 2026

Bunu edən həkimlər cəmiyyəti məhvə aparır - Professor AÇIQLADI

Bəzi poliklinikalarda sağlamlıqla bağlı arayışlar ödəniş müqabilində, heç bir yoxlanış olmadan təqdim olunur. Vətəndaşlar hətta bunu bir sıra həkimlərin birbaşa tələb etdiklərini bildirirlər. Əks halda isə "Saatlarla növbələrdə dayanmalısız" - deyərək vətəndaşları bunun üçün rüşvət verilməsinə təşviq edirlər. Bu arayışlar müxtəlif yerlərdə - məktəb, iş yerləri, ictimai məkanlarda tələb olunur. Məqsəd də şəxsin sağlamlıq baxımından həmin fəaliyyət üçün yararlı və cəmiyyət üçün təhlükəsiz olduğunun təsdiqlənməsidir. Belə olan halda bəzi "həkimlər"in bu cür fəaliyyəti cəmiyyətdə hansı fəsadlar yarada bilər?

 

Bu sualları professor, həkim Adil Qeybulla Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, vətəndaşlara saxta sağlamlıq arayışlarının təqdim olunması cəmiyyətdə böyük fəsadlar yarada bilər:


“Məsələ bundan ibarətdir ki, xüsusilə iaşə müəssisələrində, ticarət obyektlərində çalışan şəxslərə ödəniş qarşılığında sağlamlıq haqqında arayışın verilməsi qəti məqsədəuyğun deyil. Vərəmli xəstələrin, potensial xəstəliklərin aşkar olunması, cinsi yolla və ya təmasla keçən bəzi yoluxucu xəstəliklərin aşkar olunması üçün sağlamlıq haqqında arayışın verilməsi olduqca vacibdir. Saxta sağlamlıq arayışlarının verilməsi cəmiyyətdə bu tip xəstəliklərin kütləvi hal almasına və ölkə sağlamlıq səviyyəsinə ciddi mənada mənfi təsir göstərir”.

Professor qeyd edib ki, bu situasiyada həm həkimlərin, həm də vətəndaşların üzərinə məsuliyyət düşür. Belə halla qarşılaşan vətəndaşlar da çəkinmədən etiraz etməlidirlər:

“Məktəblərdə, iş yerlərində, müxtəlif məkanlarda tələb olunan bu arayışlar tam şəkildə tibbi yoxlanış olmadan verilməməlidir. Təəssüflər olsun ki, bu gün bu tip məsələlər həddindən artıq çox geniş yayılıb. Digər tərəfdən isə vətəndaşlar bəzən özləri bu cür arayışları alarkən gözləməkdən bezirlər və özləri buna şərait yaradırlar. Nəticədə rüşvəti verən vətəndaşlardır. Bəziləri bu sağlamlıq arayışının mahiyyətini tam anlamaya bilər, buna görə də birinci növbədə həkimlər bu məsələdə məsuliyyət daşıyır. Onlar tam şəkildə sağlamlıq arayışın üçün bütün yoxlamaların təmin olunmasına xüsusi tələb etməlidirlər”, - deyə vurğulayıb. 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az