“Azərbaycan mediası sülh modeli olaraq bütün dünya mediasına nümunə rolunu oynayır”.
Manset.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli agentliyin təşkilatçılığı ilə baş tutan “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada səsləndirib.
O bildirib ki, sülh prosesi, onun prinsipləri və düzgün işıqlandırılması məhz jurnalistikanın peşə etikası prinsipləri ilə tam olaraq üst-üstə düşən bir yanaşmadır. Məhz buna görə də, bəzən bu prinsiplərə laqeyd yanaşan sadə vətəndaşlardan fərqli olaraq jurnalistlər bu mövzuda daha diqqətli olmalıdırlar:
“ Cənab Prezident çıxışında haqlı olaraq vurğulayır ki, Azərbaycan regionda sülhün müəllifidir və bu ifadə sadəcə söz deyil, böyük məsuliyyət daşıyan siyasi mövqedir. Bu gün ölkəmiz sülhü yalnız bəyanatlarla deyil, real addımlarla və qətiyyətli iradə ilə təmin edir. Azərbaycanın prinsipial mövqeyi regionda sabitliyin əsas dayaqlarından birinə çevrilib. Məhz bu yanaşma beynəlxalq aləmdə də diqqətlə izlənilir və nümunə kimi qiymətləndirilir. İlham Əliyevin siyasi fəaliyyəti və idarəçilik modeli isə bir çox dünya təcrübələrindən fərqli olaraq konkret nəticələr üzərində qurulub. Onun həyata keçirdiyi siyasət həm nəzəri əsaslara, həm də praktiki uğurlara söykənir. Bu uğurlar da Azərbaycanın regionda artan nüfuzunu və güclənən mövqeyini açıq şəkildə təsdiqləyir”, - deyə Natiq Məmmədli qeyd edib.
Fidan Vəlisoy