Yeni yayılan viruslar Azərbaycana bu yolla gələ bilər - Sensasion AÇIQLAMA

15:55 - 15 May 2026

Yeni yayılan viruslar Azərbaycana bu yolla gələ bilər - Sensasion AÇIQLAMA

Dünyanı narahat edən yeni viruslar - hantavirus və norovirus gündəmi zəbt etməyə davam edir. Demək olar ki, bütün ölkələrin sakinləri günü yoluxma xəbərlərini izləyərək başlayır və bu virusa yoluxmanın öz ölkələrində baş verib-verməməsi ilə maraqlanırlar. Dünya əhalisi bu virusun pandemiyaya çevrilməsi narahatlığı içərisindədir.

Bəs həqiqətən də bu virusların pandemiyaya çevrilmə riski var? Yeni yayılan virusların Azərbaycanda da yayılması ehtimallar daxilindədir?

 

Bu sualları həkim, professor Adil Qeybulla Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, 21 əsrdə belə virusların yayılması normal haldır və yaşadığımız əsrdə bu kimi başqa viruslar da qaçınılmaz deyil: 


“21-ci əsr virus əsri olacaq. Bütün bu virusların yayılması təsadüfidir, burada hansısa qəsd yoxdur. Bu məsələdə heç kimi ittiham etmək olmaz. Əslində, COVİD-19 pandemiyasının, yəni SARS-2 virusunun da əmələ gəlməsi məntiqidir. Çünki ondan əvvəlki formalar - SARS-1 və MERS vardı və bu, gözlənilən idi. Bizi qarşıda qrip pandemiyası da gözləyir, onun da baş verməsi məntiqidir. Ayrı-ayrı virusların, xüsusilə də, genomunda ribonükleik turşusu, RNT olan virusların zamanında mutasiyaya uğrayaraq müxtəlif davranışlar sərgiləməsi də məntiqidir. O ki qaldı hantaviruslara, bu virusların təbii rezervarları əsasən gəmiricilərdir. Onların hüceyrələrində adətən lövbər salırlar, onlarda xəstəlik törədirlər. Hazırda hantavirusun Şimali Amerika, Cənubi Amerika, Avropa variantı, hansılar ki, xəstələrdə kardiopulmonal ağırlaşmalar, hemologik qızdırma və böyrək çatışmazlığı, tənəffüs çatışmazlığı və s. törədir. Bu növlər daha təhlükəlidir. Kruizdə yoluxan yoluxan ander ştamı insandan-insana keçməsi güman edilir. Əsas təhlükə də məhz budur. Ona görə də Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır ki, artıq virus zoonotikdir, yəni heyvan mənşəlidir amma bununla yanaşı artıq insandan insana keçməsi də müşahidə olunur. Bu yalnız sıx təmas nəticəsində mümkündür. Amma belə bir yoluxma varsa, artıq həyəcan təbili çalınmalıdır. Bu baxımdan da ÜST müvafiq tədbirləri görməlidir. Ayrı-ayrı ölkələrdə maarifləndirilmə işləri aparılmalıdır. Ölkələr də buna uyğun hərəkət etməlidirlər".

Professor qeyd edib ki, bundan əvvəl yayılan digər viruslar kimi yeni virusların da Azərbaycana gəlmək ehtimalı istisna edilmir. Buna səbəb isə müasir dövrdə dünya ölkələrinin bir-biri ilə sıx əlaqədə olmasıdır:

"Azərbaycanda hantavirusun belə bir təbii rezervarı yoxdur, çünki bu əsasən xüsusi növ maral siçanlarında aşkar olunub. Bu növ xüsusilə Şimali və Cənubi Amerikada lövbər salaraq orada yaşayırlar amma Azərbaycan da, elə Avropadan bu virusun yayılmağı mümkündür. Çünki gəmilər işləyir, viruslar yayıldığı qitədən başqa yerə daşınır, gəmilərə yüklənən mallar vasitəsilə viruslar istənilən bir ölkəyə, eləcə də Azərbaycana gəlib çıxa bilər”, - deyə Adil Qeybulla fikirlərini tamamlayıb.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az