Xalq artisti, “Sea Breeze” layihəsinin rəhbəri Emin Ağalarov Manset.az xəbər portalına eksklüziv müsahibə verib.
Müsahibə zamanı Emin Ağalarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası çərçivəsində “Sea Breeze” layihəsinə göstərilən maraqdan danışıb, həmçinin dünyanın müxtəlif ölkələrindən gələn liderlərin layihəyə səfərinin gözlənildiyini bildirib.
- Bura gələn qonaqların ən çox diqqətini çəkən stendlərdən biri “Sea Breeze” oldu. Bu sizdə hansı təəssüratı yaradır?
- Əlbəttə, “Sea Breeze” milyon kvadratmetr ərazini əhatə edən böyük layihədir. Buna görə də stendimizin ən çox ziyarət olunması təbiidir. Tikintilərin sayı getdikcə artır, layihə daha da böyüyür.
- Hazırda dünyanın bir çox ölkələrinin liderləri Bakıya gəlib. Wuf13 forumunun Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, bu, COP29-dan sonra ikinci belə böyük beynəlxalq tədbirdir. Bu, həm ölkəmiz, həm də dünya miqyasında çox önəmli hadisədir. Bu gün cənab Prezident çıxışında layihəmizi Azərbaycan üçün əhəmiyyətli və vacib layihə kimi qeyd etdi. O, həmçinin hər kəsə “Sea Breeze”i gəlib görməyi tövsiyə etdi.
- Xüsusilə, liderlərin və xarici qonaqların “Sea Breeze”ə səfəri gözlənilirmi?
- Bəli. Bir çox liderlər, dövlət başçıları və həmin ölkələrin tikinti sahəsinin rəhbərləri bu həftə səfərlərini planlaşdırırlar. Biz onların hamısını qəbul edəcək, təcrübəmizi bölüşəcək və planlarımız barədə məlumat verəcəyik.
Manşet.az