“Dünya Şəhərsalma Forumu qlobal bərpa, yenidənqurma və davamlı inkişaf sahəsində mövcud çağırışların müzakirəsi üçün mühüm platformadır. Münaqişədən sonrakı mühitlərdə ən ciddi və uzunmüddətli problemlərdən biri mina və partlamamış hərbi sursatların mövcudluğudur”.
Manset.az xəbər verir ki, bu fikirləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü sessiyası zamanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib:
ANAMA sədri qeyd edib ki, minalar və partlamamış hərbi sursatlar postmünaqişə dövründə qlobal bərpa prosesinin qarşısında duran ən böyük maneələrdən biri olaraq qalır. Bu problemin təsiri yalnız birbaşa humanitar nəticələrlə məhdudlaşmır. Mina çirklənməsi məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olur, şəhərlərin, yaşayış məntəqələrinin və kritik infrastrukturun yenidən qurulmasını gecikdirir, torpaq və təbii resurslara çıxışı məhdudlaşdırır və nəticə etibarilə uzunmüddətli inkişafı ləngidir.
“Azərbaycan hazırda dünyadakı ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz-üzədir. Milli hesablamalara əsasən, işğal nəticəsində təxminən 11 667 kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib”, - deyə Vüqar Süleymanov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy