“Xəzər Neft və Qaz Sərgisinin (Bakı Enerji Həftəsi) 30 il ərzində Azərbaycanda keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır”.
Bu fikirləri istiqlalçı deputat, iqtisadçı Vahid Əhmədov iyunun 1-də Azərbaycanda start verilən "Bakı Enerji Həftəsi" ilə bağlı Manset.az-a açıqlamasında səsləndirib. Deputat bildirib ki, sərgi müddətində ABŞ, Türkiyə, Böyük Britaniya və digər ölkələr hər il yüksək səviyyəli nümayəndə heyətləri ilə sərgidə iştirak edirlər. Tədbir çərçivəsində neft-qaz sektorunun aparıcı şirkətləri bir araya gəlir, müasir texnologiyalar nümayiş etdirilir, sənayenin inkişaf perspektivləri müzakirə olunur. Eyni zamanda, şirkətlər arasında yeni əməkdaşlıq əlaqələri qurulur və innovativ layihələrin həyata keçirilməsi üçün imkanlar yaranır:

“Təbii ki, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Həmin dövrdə ölkə ciddi sosial-iqtisadi problemlərlə üzləşmişdi, torpaqlarımızın bir hissəsi işğal altında idi, bir milyona yaxın qaçqın və məcburi köçkün vardı, iqtisadi imkanlar isə məhdud idi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafında mühüm dönüş nöqtəsinə çevrildi. Bu müqavilə xarici investisiyaların cəlb olunmasına, ölkənin enerji sektorunun inkişafına və dövlət büdcəsinə böyük həcmdə gəlirlərin daxil olmasına şərait yaratdı. Əldə olunan vəsaitlərin mühüm hissəsi sosial layihələrə, infrastrukturun yenilənməsinə və iqtisadiyyatın müxtəlif sahələrinə yönəldildi ki, bu da vətəndaşların rifahının yüksəlməsinə əhəmiyyətli töhfə verdi.
Mən hesab edirəm ki, müasir dövrdə Azərbaycanda neft və qaz hasilatının inkişafı, son illərdə həyata keçirilən layihələr və Azərbaycan qazının xarici ölkələrə, xüsusilə Avropa dövlətlərinə ixracının genişlənməsi çox böyük əhəmiyyət daşıyır. Xüsusilə, Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın Azərbaycan qazına olan tələbatı daha da artmışdır. Eyni zamanda, ölkənin qaz ehtiyatları ilə bağlı proqnozlar da müsbət qiymətləndirilir. Bu da gələcəkdə Azərbaycanın qaz ixracını daha da artırmaq üçün geniş imkanlar yaradır və bu istiqamətdə mühüm infrastruktur və qazma işləri həyata keçirilir”.
V.Əhmədov qeyd edib ki, sözügedən sərgi Azərbaycanın enerji siyasətini və keçdiyi inkişaf yolunu nümayiş etdirir. Dövlət başçısı cənab İlham Əliyev də bu sərgi vasitəsilə ölkənin əldə etdiyi nailiyyətləri və gələcək planları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır:
“Azərbaycan müxtəlif təzyiqlərə və çətinliklərə baxmayaraq, öz enerji layihələrini uğurla həyata keçirməyə davam edir. Ölkənin enerji infrastrukturuna, o cümlədən, neft və qaz boru kəmərlərinə qarşı müxtəlif dövrlərdə təhdidlərin olduğu da məlumdur.
Lakin Azərbaycan həmişə olduğu kimi, qonşu ölkələrlə münasibətlərdə sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə üstünlük verir və yalnız müsbət əməkdaşlıq mühitinin inkişafına çalışır. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ümumi daxili məhsul (ÜDM) artım nümayiş etdirir, dövlət borcu isə beynəlxalq göstəricilərlə müqayisədə çox aşağı səviyyədədir. Ölkənin valyuta ehtiyatları da kifayət qədər yüksəkdir və bu, makroiqtisadi sabitliyin mühüm göstəricilərindən biridir.
Bütün bu amillər Azərbaycanın iqtisadi inkişafını xarakterizə edən əsas göstəricilərdir. 2025-ci ildə qlobal iqtisadi proseslər fonunda müəyyən azalmalar müşahidə olunmuşdu. Bunun əsas səbəbləri dünyada davam edən münaqişələr, xüsusilə, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlikləridi. Bu proseslər qlobal iqtisadiyyatın zəifləməsinə, inflyasiyanın artmasına və ümumi qiymətlərin yüksəlməsinə səbəb olur. Təbii ki, bu amillər Azərbaycanın iqtisadiyyatına da müəyyən təsirlər göstərir”.
Sabiq deputat vurğulayıb ki, Azərbaycanda hər il neft-qaz sahəsində keçirilən tədbirlər ölkə üçün böyük əhəmiyyət kəsb edir. Burada fəaliyyət göstərən şirkətlərə nəzər saldıqda onların dünyanın tanınmış neft-qaz şirkətləri olduğunu görmək mümkündür. Eyni zamanda, tədbirdə Amerika Birləşmiş Ştatlarından Dövlət Departamentinin nümayəndələrinin, Türkiyənin aparıcı dövlət qurumlarının və parlament üzvlərinin iştirakı bu forumun beynəlxalq nüfuzunu bir daha göstərir:
“Ümumilikdə, kifayət qədər sanballı və dünya enerji sistemində əhəmiyyətli rol oynayan ölkələr və şirkətlər burada təmsil olunur. Neft və qaz uzun müddət dünya iqtisadiyyatında əsas enerji mənbələrindən biri olaraq qalacaq. Baxmayaraq ki, son illərdə külək, günəş və su enerjisi kimi alternativ mənbələrin istifadəsi genişlənir, enerji təhlükəsizliyi baxımından ənənəvi enerji resurslarına ehtiyac hələ də davam edir. Azərbaycanda da bu sahədə böyük təcrübə mövcuddur və son illərdə külək və günəş enerjisi üzrə mühüm layihələr həyata keçirilir. Xarici tərəfdaşlarla imzalanan müqavilələr artıq icra mərhələsindədir.
Neft və qaz ixracının yüksək səviyyədə olması Azərbaycanın iqtisadi inkişafına, dövlət gəlirlərinin artmasına və sosial rifahın yaxşılaşmasına mühüm töhfə verir. Buna görə də bu cür sərgilərin keçirilməsi həm iqtisadi, həm siyasi, həm də Azərbaycanın beynəlxalq aləmdə enerji ölkəsi kimi tanınması baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə Vahid Əhmədov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy