Paytaxtda motosiklet və mopedlərlə bağlı təhlükəli hallar narahatlıq doğurmaqda davam edir. Sosial şəbəkələrdə yayılan yeni görüntü də geniş müzakirələrə səbəb olub. Kadrlarda atanın azyaşlı qızı ilə motosikletdə hərəkət etdiyi görünür. Uşağın təhlükəsizlik qaydalarına uyğun olmayan şəkildə motosikletdə olması diqqət çəkib.
Bakı Şəhər DYP İdarəsindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə əlaqədar araşdırma aparılır:
"Mövcud qanunvericiliyin tələblərinə əsasən, motosikletin arxa oturacağında 12 yaşınadək uşaqların əyləşdirilməsi qanuna ziddir və inzibati məsuliyyət yaradır. Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən tənbeh tədbirlərinə baxmayaraq, bəzi motosiklet sürücüləri sərnişindaşıma qaydalarına biganə yanaşırlar ki, bu da xoşagəlməz hallara səbəb olur.
Odur ki, sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər”, - deyə məlumatda qeyd edilir.