Abituriyentlər üçün ixtisas seçimi mərhələsi yaxınlaşdıqca, qarşıda həm həyəcanlı, həm də taleyüklü bir qərar dayanır. Bu seçim təkcə universitet illərini deyil, gələcək karyera imkanlarını da birbaşa müəyyən edir. Mütəxəssislər isə doğru qərar vermək üçün yalnız bal göstəricisinə deyil, maraq, bacarıq və əmək bazarının tələblərinə də diqqət yetirməyi tövsiyə edirlər. Son illərdə informasiya texnologiyaları, mühəndislik, tibb və maliyyə sahələri daha çox üstünlük qazanan ixtisaslar sırasında yer alır. Bununla yanaşı, əmək bazarında sürətlə dəyişən tendensiyalar bəzi ənənəvi ixtisaslara da yeni imkanlar açır. Abituriyentlər üçün ən vacib məqam isə seçim zamanı gələcək perspektivi düzgün qiymətləndirmək,təkcə bu günün deyil, sabahın ehtiyaclarını nəzərə almaqdır.
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Manset.az-a açıqlamasında bildirib ki, blok imtahanlarının ikinci cəhdləri hələ tam yekunlaşmasa da, abituriyentlər artıq öz ballarına uyğun seçəcəkləri ixtisasları müəyyənləşdirməyə davam edirlər:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, qəbul imtahanlarının II mərhələsinin I cəhdi artıq keçirilib. Hazırda II mərhələnin I cəhdi üzrə yalnız II və III ixtisas qruplarının nəticələri açıqlanıb. I və IV ixtisas qruplarının nəticələrinin isə bu həftə ərzində elan olunacağı gözlənilir.
Məlum olduğu kimi, qəbul imtahanları üç cəhddən ibarətdir. Hazırda II cəhdə hazırlıq prosesi davam edir. Bu imtahanlar 5 iyul tarixində II və III ixtisas qrupları, 12 iyul tarixində isə I və IV ixtisas qrupları üçün keçiriləcək.
İştirakçıların sayı ilə bağlı qeyd edə bilərik ki, I cəhddə iştirak edənlərin hamısı II cəhdə müraciət etmir. Buna görə də iştirakçı sayında müəyyən azalma müşahidə olunur. Bununla belə, ümumi iştirakçı sayı kifayət qədər yüksək olaraq qalır”.
Ekspert qeyd edib ki, bu il qəbul qaydalarında edilən dəyişikliklər, xüsusilə, V ixtisas qrupu və bəzi istiqamətlər üzrə tətbiq olunan yeniliklər səbəbindən həmin qruplarda iştirakçı sayının müəyyən qədər azalacağı gözlənilir. Lakin bunun I, II və III ixtisas qrupları üzrə formalaşacaq keçid ballarına ciddi təsir edəcəyi proqnozlaşdırılmır:
“Əgər II cəhd əvvəlki illərlə müqayisədə daha uğurlu keçərsə, bu, bəzi ixtisaslarda rəqabətin artmasına səbəb ola bilər. Nəticədə, müəyyən ixtisaslar üzrə keçid ballarında cüzi artım müşahidə oluna bilər. Bununla belə, bu dəyişiklik bütün ixtisaslara şamil edilməyəcək.
Ümumilikdə, keçid balları daha çox abituriyentlərin nəticələrindən, ixtisaslara olan tələbatdan və plan yerlərinin sayından asılı olaraq formalaşacaq. Buna görə də hər bir ixtisas üzrə vəziyyət ayrıca qiymətləndirilməlidir”.
E.Əfəndinin sözlərinə görə, ixtisasların plan yerləri, illik təhsil haqları məsələləri də diqqət yetiriləsi məqamlardandır:
“Prestijli ixtisaslara gəlincə isə bunlar hər qrupda fərqlidir. I ixtisas qrupu üzrə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analiikası, kompüter elmləri, mühəndisliyi, neft-qaz, kimya, inşaat mühəndislikləri və s. II ixtisas qrupunda maliyyə, beynəlxalq ticarət və logistika, iqtisadiyyat və s. III ixtisas qrupunda hüquqşünaslıq, tərcümə koreya, çin, ispan, alman və s. IV ixtisas qrupu üzrə tibb, stomatologiya, biotexnologiya, psixologiya, tibb bacısı (qardaşı) və s. V ixtisas qrupu üzrə idman, dizayn və s. belə ixtisaslardan hesab oluna bilər”.
Fidan Vəlisoy