Yay mövsümünün gəlişi ilə istirahət planları da aktuallaşır. İsti havalardan yararlanaraq şəhərdən uzaqlaşmaq istəyənlər istirahət üçün müxtəlif seçimlərə üz tutur. Bir qrup otelləri seçdiyi halda, digərləri daha fərdi və sərbəst istirahət imkanı təqdim edən kirayə evlərə, "A-frame" və "tiny house" tipli məkanlara üstünlük verir.
Son illər bu istiqamətdə seçim imkanlarının artması insanların qərar verməsini daha da çətinləşdirir. İstirahət məkanı seçərkən qiymət, rahatlıq və təqdim olunan imkanlar əsas meyarlardan hesab olunur. Məhz buna görə də "Hansı seçim daha sərfəli və komfortludur?" sualı yay mövsümündə ən çox müzakirə olunan mövzulardan birinə çevrilir. Belə ki, araşdırmamıza görə, Azərbaycanın turizm inkişaf etmiş bir sıra regionlarında otel qiymətləri bir nəfər üçün bir gecəlik 60-300 AZN arasında dəyişir. Bununla bərabər, təxminən 4-10 nəfər üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, "A-frame", "tiny house" tipli günlük kirayələnən evlərin qiymətləri isə 250 AZN-dən başlayaraq artır.
“Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov Manset.az-a açıqlamasında bildirib ki, bu mövzuda seçim təmamilə qonaqların və turistlərin şəxsi istəklərindən asılıdır:

“Bəzi insanlar istirahət zamanı kirayə evlərdə, villalarda və ya apart otellərdə qalmağa üstünlük verirlər. Digərləri isə daha komfortlu istirahəti seçərək onlara xidmət göstərilməsini istədikləri üçün otellərə üstünlük verirlər. Bu seçim tamamilə qonaqların və turistlərin şəxsi istəklərindən asılıdır. Təbiətdən zövq almaq istəyən və eyni zamanda daha sərfəli variant axtaran insanlar üçün kənd evləri, villalar və "A-frame" evlər daha münasib hesab olunur. Çünki otel otağından fərqli olaraq, bu tip evlərdə bir ailə və ya dörd, beş, altı, hətta on nəfərə qədər qrup birlikdə qala bilir. Bundan əlavə, bu evlər hovuz, geniş həyət və digər rahatlıqlarla təchiz oluna bilər. Xüsusilə, böyük ailələr və ya dost qrupları üçün qiymət baxımından otellərlə müqayisədə daha sərfəli seçim sayılır”.
Ekspert qeyd edib ki, digər tərəfdən, fərdi şəkildə və ya iki-üç nəfərlə istirahət edən şəxslər otelləri daha çox seçirlər. Onlar əlavə məişət işləri ilə məşğul olmadan otelin təqdim etdiyi xidmətlərdən tam yararlanmağa üstünlük verirlər:
“Səhər yeməyi, restoran, otaq xidməti və digər imkanların bir məkanda əlçatan olması onların rahatlığını təmin edir. Bu səbəbdən bəzi insanlar özünəxidmət formatındansa, məhz otellərdə təqdim olunan peşəkar xidməti daha üstün hesab edirlər. Nəticə etibarilə, istirahət üçün kirayə ev, villa və ya otel seçimi tamamilə şəxsi ehtiyaclara, büdcəyə və istirahətdən gözlənilən komfort səviyyəsinə bağlı olan subyektiv bir qərardır”.
Turizm eksperti Əziz Şiriyev isə qeyd edib ki, burada seçim həm büdcədən, həm də səyahət edən insanların sayından asılıdır:

“Regionlara istirahətə gedənlər adətən ya kirayə ev götürür, ya otel rezervasiya edir, ya da turizm şirkətlərinin təşkil etdiyi turlardan yararlanırlar. Turizm şirkətləri ilə səyahət edənlər, adətən, daha münasib qiymətlərlə keyfiyyətli otellərdə qala bilirlər. Bunun əsas səbəbi odur ki, turizm şirkətləri otellərlə ilboyu və korporativ əsasda əməkdaşlıq etdikləri üçün daha sərfəli qiymətlər əldə edirlər. Nəticədə həmin üstünlüyü turistlərə də təklif edə bilirlər.
Kirayə evlərə gəlincə isə, burada hər şey istirahət edənlərin sayından asılıdır. Məsələn, yeddi, səkkiz və ya on nəfər birlikdə "A-frame" ev, "tiny house" və ya digər kirayə evlərdən birini götürdükdə, ümumi məbləğ iştirakçılar arasında bölündüyü üçün hər nəfər üçün kifayət qədər münasib qiymət alınır.
Ancaq söhbət bir ailədən gedirsə, vəziyyət bir qədər fərqlidir. Belə halda kirayə evin, xüsusilə də, "A-frame" tipli evlərin qiyməti o qədər də sərfəli olmaya bilər. Çünki bu tip evlərin minimal günlük icarə haqqı olur və həmin məbləği cəmi bir ailə ödədikdə xərclər daha yüksək görünür. Buna görə də azsaylı ailələr üçün bəzi hallarda otel daha münasib seçim ola bilər", - deyə ekspert fikirlərinə əlavə edib.
Fidan Vəlisoy