Sosial şəbəkələrdə paytaxtın Novxanı ərazisindəki çimərliklərdən birində çəyitkələrin kütləvi formada əraziyə axın etməsi ilə bağlı video görüntülər yayılıb. Görüntülər çimərliyə istirahət etməyə gələnlərin və əraziyə yaxın yaşayanların narahatlığına səbəb olub.
Məsələ ilə bağlı Manset.az ARENT Zoologiya institutuna sorğu ünvanlayıb. Qurumun Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov sorğumuza cavab olaraq bildirib ki, görüntülərdə əks olunan çəyirtkələr Misir çəyirtkəsi növünə aiddir və insanlar üçün təhlükəli hesab olunmur:
“Görüntülərdə əks olunan növ Misir çəyirtkəsinə bənzəyir. Bir neçə il bundan əvvəl Abşeron ərazisində bu növ geniş yayılmışdı. Bununla bağlı Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama prosesi aparıldı və problem həll olundu. Onların populyasiyaları qalıb. Onlar belədir ki, ildə 2-3 nəsil verirlər. Bəzi bitki çox olan yerlərdə adətən qidalanırlar. Görünür ki, onların yumurta qoyduqları ərazilər əkin sahəsinə çevrilib, ya da bitki örtüyü ləğv edilib, buna görə də onlar qidalanmaq üçün müxtəlif yerlərə üz tutublar. Ola bilsin ki, kiçik bir populyasiyası da sözügedən çimərlik ərazisinə yayılıb. Burada qorxulu və təşvişə səbəb olacaq bir nüans yoxdur”, - deyə B.Əhmədov vurğulayıb.
Fidan Vəlisoy