logo
logo logo
logo

“Avropa ölkələrində infrastruktur ekstremal istilər üçün nəzərdə tutulmayıb” - DEPUTAT

19:07 - 03 İyul 2026

“Avropa ölkələrində infrastruktur ekstremal istilər üçün nəzərdə tutulmayıb” - DEPUTAT

Son günlər Avropanı cənginə alan rekord istilər bir çox ölkədə həyatın normal axarını pozub. Havanın temperaturunun təhlükəli həddə yüksəlməsi nəticəsində insan tələfatı artır, meşə yanğınları genişlənir, səhiyyə və fövqəladə xidmətlər isə artan yük altında fəaliyyət göstərir.


Baş verənlər fonunda bir sıra Avropa ölkələrinin ekstremal isti hava şəraitinə kifayət qədər hazır olmadığı ilə bağlı müzakirələr də güclənib. Yerli hakimiyyət orqanlarının əhalinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə risk qrupuna daxil olan insanların qorunması istiqamətində gördüyü tədbirlərin yetərli olub-olmaması sual doğurur.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmə özünü Avropada çox sərt formada göstərir: 


“Avropa son dövrlərdə su çatışmazlığı ilə kəskin şəkildə üzləşir, indi isə isti hava dalğaları yaşanır ki, bu da minlərlə insanın ölümünə səbəb olub. Müəyyən tədbirlər görülür, amma bu yetərli deyil. Bir çox Avropa ölkəsi istixana qazı emissiyalarını azaltmaq üçün bərpa olunan enerji, enerji səmərəliliyi və təmiz nəqliyyata investisiya qoyur. Bu addımlar gələcəkdə qlobal istiləşməni yavaşlatmağa kömək etsə də, artıq baş verən isti dalğalarının qarşısını ala bilmir. Qeyd edim ki, Avropanın bir sıra ölkələrində hələ də daş-kömürdən enerji məqsədləri üçün istifadə olunur. Bu isə aymosferə hədsiz karbon emissiyasının daxil olması deməkdir”. 

Deputat qeyd edib ki, əsas problem bu ölkələrdə infrastrukturun ekstremal istilər üçün nəzərdə tutulmamasıdır: 

“Avropadakı bir çox bina, dəmir yolu və digər obyektlər daha mülayim iqlim şəraitinə uyğun tikilib. Bundan başqa, su və elektrik xərcləri də olduqca yüksəkdir, vətəndaşlar, sahibkarlar bu kommunal xidmətləri qənaətlə istifadə edir. 

Əsas müzakirə mövzusu Avropa ölkələri hökumətlərinin gördüyü tədbirlərin getdikcə daha intensiv və tez-tez baş verən isti dalğalarına qarşı kifayət edib-etməməsidir. Mövcud tədbirlər əhəmiyyətli dərəcədə genişləndirilməlidir. Avropa bu gün təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə fokuslanıb, Aİ müdafiə qabiliyyətinin artırılmasına investisiyanı artırır. Buna görə də, iqlim dəyişmələri ilə mübarizə istiqamətində tədbirlər diqqət mərkəzində deyil”, - deyə P.Vəliyeva fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az