logo
logo logo
logo

Qızıla pul yatırmağa dəyər? - Bu yolla daha çox qazana bilərsiniz

14:34 - 21 Avqust 2026

Qızıla pul yatırmağa dəyər? - Bu yolla daha çox qazana bilərsiniz

Son dövrlərdə insanlar əllərində olan vəsaiti qorumaq və gələcək üçün yatırım etmək məqsədilə müxtəlif investisiya alətlərinə üz tuturlar. Bu seçimlər arasında qızıl xüsusi yer tutur. Bəzi şəxslər pul əldə etdikdə onu qızıla çevirərək həm vəsaitlərini dəyər itkisindən qorumağa, həm də zamanla gəlir əldə etməyə çalışırlar. Lakin investisiya seçimi zamanı yalnız qızılın qiymət dinamikasını deyil, riskləri, gəlirlilik imkanlarını və investisiya müddətini də nəzərə almaq vacibdir. Bəs vəsaiti qızıla yönəltmək nə dərəcədə məqsədəuyğundur və daha sərfəli investisiya imkanları hansılardır?

 

Bu sualı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, qızıla yatırım etmək tamamilə yanlış deyil, amma əlinə keçən hər pulu qızıla çevirmək də düzgün strategiya sayılmır. Qızıl daha çox pulun dəyərini qorumaq və risklərdən sığortalanmaq üçün istifadə olunan aktivdir. Xüsusilə yüksək inflyasiya, geosiyasi gərginlik və maliyyə bazarlarında qeyri-müəyyənlik dövründə qızıla tələb artır. Amma qızıl faiz və ya dividend gətirmir. Onun gəliri əsasən qiymətinin yüksəlməsindən formalaşır:


“Qızılın başqa bir xüsusiyyəti də odur ki, qiyməti həmişə yalnız yuxarı getmir. Güclü bahalaşmadan sonra müəyyən müddət ərzində ucuzlaşa və ya uzun müddət eyni səviyyədə qala bilər. Buna görə bütün yığımı qızıla qoymaq risklidir. Üstəlik, fiziki qızıl alarkən alış və satış qiymətləri arasındakı fərq, saxlama və təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır.

Daha düzgün yanaşma pulu müxtəlif alətlər arasında bölüşdürməkdir. Məsələn, yığımın bir hissəsini bank depozitində saxlamaq likvidlik və müəyyən faiz gəliri baxımından daha rahat ola bilər. Digər hissə dövlət istiqrazları kimi nisbətən aşağı riskli alətlərə yönəldilə bilər. Daha uzunmüddətli perspektivdə isə səhmlər və indeks fondları daha yüksək gəlir potensialına malikdir, amma onların qiyməti daha çox dəyişir və itki riski də yüksəkdir”.

Ekspert qeyd edib ki, insanın məqsədi yaxın aylarda istifadə edəcəyi pulu qorumaqdırsa, qızıl və səhmlər ən uyğun seçim olmaya bilər. Belə vəsait daha likvid və nisbətən sabit alətlərdə saxlanmalıdır. Məqsəd 5–10 il və daha uzun müddət ərzində kapital toplamaqdırsa, investisiyanı müxtəlif aktivlər arasında bölmək daha məntiqli olur:

“Qızıl bu portfeldə müəyyən paya malik ola bilər. Məsələn, bütün yığımı qızıla qoymaq əvəzinə onun bir hissəsini qızılda, bir hissəsini depozit və ya istiqrazlarda, daha uzunmüddətli və riskə dözümlü investor üçün müəyyən hissəsini səhmlərdə saxlamaq daha balanslı strategiyadır.

Ən vacib məsələ “ən çox qazandıran investisiya hansıdır?” sualından əvvəl “bu pula nə vaxt ehtiyacım olacaq və nə qədər risk götürə bilərəm?” sualını cavablandırmaqdır. Yüksək gəlir potensialı adətən daha yüksək risk deməkdir. Ona görə qızıl yaxşı yatırım ola bilər, amma yığımın özü ilə investisiyanı eyniləşdirmək düzgün deyil. Pulun bir hissəsini ehtiyat fondu kimi saxlamaq, qalanını isə məqsədə və risk səviyyəsinə uyğun müxtəlif alətlərə bölmək daha sağlam yanaşmadır”, - deyə A.Nəsirli fikirlərini tamamlayıb.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az