Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) rəhbərliklə bağlı mühüm qərarlar qəbul edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, avqustun 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.
İclas zamanı İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri, eləcə də növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekununda bir sıra qərarlar qəbul edilib.
Belə ki, qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi yekdilliklə qərara alınıb. Bununla yanaşı, İttifaqın Konfransının keçirilməsi məsələsi də müzakirə olunub. Qərara əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının Konfransı 11 sentyabr 2026-cı il tarixində keçiriləcək.
İclasda təqdim edilmiş siyahı əsasında İttifaqın üzvlük siyahısının dəqiqləşdirilməsi, eləcə də bəzi üzvlərin fəaliyyətinə xitam verilməsi məsələsinə baxılması da qərara alınıb. İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarovun istefa ərizələrinə baxılıb. Ərizələr İdarə Heyəti tərəfindən qəbul edilib.
İclasın diqqətçəkən qərarlarından biri isə Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi olub. Bu qərar da İdarə Heyəti tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, İdarə Heyətinin iclasında qəbul edilən qərarlar İttifaqın fəaliyyətinin təşkilati baxımdan tənzimlənməsi və qarşıdakı Konfransa hazırlığın təmin edilməsi məqsədi daşıyır.
Manşet.az