Dünya sürətlə dəyişir. Beynəlxalq münasibətlər sistemində güc anlayışı artıq yalnız hərbi potensialla, iqtisadi imkanlarla və ərazi, əhalı sayı ilə daha ölçülmür. İnformasiya məkanına təsir, ictimai rəyin istiqamətləndirilməsi, dini və mədəni kimlik üzərindən təsir imkanlarının genişləndirilməsi də dövlətlərarası rəqabətin mühüm elementlərinə çevrilir.
Hərbi münaqişələrin davam etdiyi bir dövrdə belə, ideoloji mübarizə gündəlik həyatın ən həssas mövzularına qədər nüfuz edir. Bu baxımdan XXI əsri ideologiyaların rəqabəti dövrü kimi səciyyələndirmək daha doğru olardı. Cəmiyyətlərin hansı dəyərləri əsas götürməsi, dövlətlə din arasındakı münasibətləri necə müəyyənləşdirməsi, milli kimliyi hansı prinsiplər üzərində qurması artıq təkcə daxili ictimai müzakirələrin predmeti deyil. Bu məsələlər eyni zamanda beynəlxalq nüfuz və təsir uğrunda mübarizənin də bir hissəsinə çevrilməkdədir. Azərbaycanda baş örtüyü ətrafında yaranmış son müzakirələrə də məhz bu prizmadan yanaşmaq lazımdır. Dini mövzuların cəmiyyətlərə təsir gücü tarixən yüksək olub. Çünki din yalnız ibadət və etiqad məsələsi deyil, eyni zamanda insanın mənəvi dünyası, ailə münasibətləri, həyat tərzi ilə əlaqəlidir. Buna görə də dini kimlik ətrafında yaranan mübahisələr digər məsələlərdən daha geniş ictimai rezonans doğura bilir. Məhz bu xüsusiyyət dini mövzularla ictimai rəyə təsir etmək, onu yönləndirmək istəyən müxtəlif kənar qüvvələri, siyasi və ideoloji aktorları da bir qədər fəallaşdırır. Ona görə də müxtəlif ölkələrdə dini şəbəkələr, ideoloji hərəkatlar və təsir mərkəzləri dini həmrəylikdən istifadə edərək öz dünyagörüşlərini yaymağa, cəmiyyətlərdə mövqelərini gücləndirməyə, siyasiləşdirilmiş dini baxışlarını ixrac etməyə çalışıblar. Heç kimə sir deyil deyil ki, Azərbaycan ətrafında bu cür maraqları olan ölkələr də var. Elə son günlər sosial şəbəkələrdə paylaşılan məzmunlar, onların hədəfləri, səsləndirilən dini şüarlar, konkret cinayət tərkibli hadisələr, emosiyaların süni şəkildə qızışdırlıması onu deməyə əsas verir ki, məqamı fürsət bilib bəzən ən səmimi dini hislərdən belə yararlanmağa çalışanlar indi az deyil.

Hansısa bir məktəbdə baş verən hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş yayılır, emosional şərhlərlər yazılır, çağışılar edilir və sonunda beynəlxalq informasiya platformalarının gündəliyinə çıxarılır. Beləliklə də bu cür emosional təqdimat cəmiyyətdə qarşıdurmanın dərinləşməsinə, dövlət institutlarına etimadın zəiflədilməsinə və fərqli düşünən qruplar arasında açıq qarşıdurma yaranmasına da təbii ki, əlverişli şərait yaratmış olur. Azərbaycanda dünyəvi dövlət modeli bərqərardır, amma bu, dinin ictimai həyatdan tamamilə çıxarılması demək deyil.

Dünyəvilik dövlət idarəçiliyinin dini göstərişlərdən asılı olmamasını, təhsil və digər ictimai institutların ümumi hüquqi prinsiplərlə fəaliyyət göstərməsini nəzərdə tutur. Dünyəvi dövlətin mövcudluğu dini inancın və azad dini ifadənin yasaqlanması anlamına da gəlmir. Buna görə də baş örtüyü məsələsinin çözümündə zorakı addımlar və fiziki güc tətbiqi, eləcə də emosiyaların qızışmasına rəvac verən çağrışlar, davranışlardan çox hüquqi aydınlıq və sivil etiraz metodları, eləcə də ictimai müzakirələr daha effektli olardı.

QAFQAZ CƏNUBLU