“Türkiyədən bəzi dairələrin Azərbaycana qarşı səsləndirdiyi iddialar əsassızdır, qəbuledilməzdir və yolverilməzdir. Azərbaycan müstəqil dövlətdir və heç bir dövlət qarşısında hansısa qərarı qəbul etməklə bağlı öhdəliyi yoxdur. Biz vətəndaşlarımızın rifahı, övladlarımızın gələcəyi və təhsilimizin keyfiyyəti nəyi zəruri edirsə, həmin istiqamətdə addımlar atırıq və məktəblərimizdə vahid məktəbli forması tətbiq edirik".
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında səsləndirib. Deputat bildirib ki, məktəbli forması ilə bağlı müzakirələrin dini müstəviyə keçirilməsi və daha sonra Azərbaycanın xarici siyasətinə, xüsusilə İsraillə münasibətlərinə dair tənqidi bəyanatların səsləndirilməsi yolverilməzdir.
“Nəyə görə artıq baş örtüyü məsələsini aşaraq Azərbaycanın xarici siyasətinin, konkret olaraq İsraillə münasibətlərinin necə olmasına qədər gedib çıxan bəyanatlar səsləndirilməlidir? Azərbaycan müstəqil dövlətdir və öz milli maraqları kontekstində hansı dövlətlə necə münasibət quracağını özü bilir. Yaxşı olar ki, Türkiyədə Azərbaycana qarşı bu prosesləri təşkil edənlər yanlış yolda olduqlarını anlasınlar. Əks təqdirdə, bu, iki dövlət arasında münasibətləri zədələyə bilər ki, bu da nə Türkiyənin, nə də Azərbaycanın maraqları baxımından əlverişlidir”, – deyə H.Babaoğlu vurğulayıb.
Fidan Vəlisoy