“Bu gün gənc ailələr yeməyə görə boşanmır”.
Manset.az xəbər verir ki, bu barədə “Zümrüdlə addım-addım” “YouTube” layihəsində psixoloq Ramidə Oqtayqızı aparıcı Zümrüd Rüstəmova ilə danışıb. Layihədə boşanma mövzusu geniş şəkildə müzakirə olunub. Verilişdə ailə münasibətləri, boşanmanın insanların həyatına təsirləri, emosional çətinliklər, cəmiyyətin yanaşması və yeni başlanğıclar barədə səmimi fikirlər səslənib.
Ramidə Oqtayqızı bildirib ki, indiki gənc nəsillərin yanaşması əvvəlkilərlə müqayisədə fərqlənir:
“Bu gün gənc ailələr yeməyə görə boşanmır. Amma 70–80-ci illərin ailələrində kişilər yeməyə görə belə mübahisə edirdi. İstədikləri yemək hazırlanmadıqda kişi əlini stola vurur və böyük qalmaqal yaranırdı.”
Psixoloq vurğulayıb ki, boşanma yalnız iki nəfərin münasibətlərinin bitməsi deyil, həm də uşaqların psixoloji durumuna təsir göstərən ciddi bir prosesdir. Onun sözlərinə görə, erkən nikahlar, xüsusilə 17–18 yaşlı qızların ailə qurması, gələcəkdə boşanma hallarını artıran səbəblərdən biridir.
Verilişdə ailədaxili anlaşmanın vacibliyi, sağlam ünsiyyətin qorunması və yeni başlanğıclara ümidlə baxmağın əhəmiyyəti də diqqətə çatdırılıb.
Ətraflı videomaterialda: