"İlham Əliyevin Bratislava səfəri Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ açır"

16:34 - 09 Dekabr 2025

\"İlham Əliyevin Bratislava səfəri Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ açır\"

Prezident İlham Əliyevin Slovakiya səfəri zamanı 8 dekabr 2025-ci il tarixində mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan həm regional, həm də qlobal müstəvidə yüksələn nüfuza malik etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir.


Dövlət başçımızın nitqində səsləndirilən fikirlər diplomatik xəttimizin ardıcıllığını, iqtisadi gücümüzün dayanıqlılığını və beynəlxalq əməkdaşlığa verdiyimiz əhəmiyyətin miqyasını aydın şəkildə nümayiş etdirir. Slovakiya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin nə qədər dərin olduğunu bir daha təsdiqləyir. Azərbaycanda 8 noyabr 2025-ci il tarixində keçirilən Qələbənin beşinci ildönümü tədbirlərində Slovakiyanın Baş nazirin müavini və müdafiə naziri səviyyəsində təmsil olunması da bu səmimi münasibətlərin bariz nümunəsidir və tərəflərin gələcək əməkdaşlıqda siyasi iradəsinin möhkəm olduğunu göstərir.

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci il tarixində tanıyıb. 1993-cü il noyabr 23-də Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulub. 24 aprel 2009-cu il tarixindən Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu fəaliyyət göstərməyə başlayıb. 1 oktyabr 2019-cu il tarixindən Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyət göstərir. 14 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Slovakiya Respublikasında Səfirliyi təsis olunub. Azərbaycan Slovakiya ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. İndiyədək Azərbaycanla Slovakiya arasında 13 sənəd imzalanıb.

Prezident İlham Əliyevin Bratislavada mətbuata verdiyi bəyanatında xüsusi vurğuladığı enerji əməkdaşlığı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində nə qədər mühüm rol oynadığını bir daha ortaya qoyur. Ölkəmizin qaz ixracının 25 milyard kubmetrə çatması, bunun yarısının Avropa ölkələrinə yönəlməsi, Slovakiyaya qaz tədarükünün başlaması və ümumilikdə 8 Avropa İttifaqı ölkəsinin Azərbaycan qazı ilə təmin olunması Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük strateji üstünlükdür və Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi möhkəmlənməsinə xidmət edir.

Müdafiə sənayesi sahəsində əməkdaşlığın müharibə məqsədi daşımadığı, əksinə, yeni texnologiyaların yaradılması və sənaye inkişafının dəstəklənməsi üçün nəzərdə tutulması Prezidentin çıxışında çox aydın şəkildə ifadə olundu. Azərbaycanın sülhü prioritet kimi qəbul etməsi, texnoloji tərəqqiyə və istehsal imkanlarının genişləndirilməsinə diqqət yetirməsi ölkəmizin gələcəyə baxışının praqmatik mahiyyətini ortaya qoyur. Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə və sənaye imkanlarının sintezi yeni müdafiə sənayesi məhsullarının yaradılmasına və bu məhsulların beynəlxalq bazarlara çıxışına şərait yarada bilər ki, bu da hər iki ölkənin iqtisadi maraqlarına xidmət edir.

Prezident İlham Əliyevin nitqində xüsusilə diqqət çəkən məqamlardan biri də Azərbaycanın nəqliyyat və logistika sektorunda Şərqlə Qərbi birləşdirən mühüm strateji körpü rolunu daha da genişləndirməsi ilə bağlıdır. Orta Dəhlizin ən təhlükəsiz və etibarlı hissəsinin məhz Azərbaycan ərazisindən keçməsi, ölkəmizin bu istiqamətdə böyük investisiyalar həyata keçirməsi və tranzit imkanlarını durmadan artırması həm Slovakiya, həm də bütövlükdə Avropa üçün yeni iqtisadi əməkdaşlıq imkanları yaradır. Bu, Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində artan mühüm rolunu bir daha təsdiq edir.

Rəqəmsal iqtisadiyyat və data mərkəzləri ilə bağlı irəli sürülən fikirlər isə, Azərbaycanın texnologiya sektorunda genişmiqyaslı perspektivlərinin əsasını formalaşdırır. İstifadə olunmayan böyük enerji potensialı, soyuq iqlimli bölgələrin mövcudluğu və texnoloji infrastrukturun genişləndirilməsi ölkəmizi beynəlxalq data mərkəzləri üçün ideal platformaya çevirir. Slovakiya ilə bu sahədə əməkdaşlıq gələcəyin iqtisadiyyatına yönəlmiş strateji addım kimi böyük əhəmiyyət kəsb edir və Azərbaycanın rəqəmsal hab kimi mövqeyini gücləndirir.

Prezident İlham Əliyevin Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etməsi isə, iki ölkə arasında artıq formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi niyyətini göstərir. Bu, həm siyasi dialoqun, həm iqtisadi əməkdaşlığın, həm də texnoloji və nəqliyyat sahələrində yeni layihələrin inkişafına təkan verən vacib diplomatik addımdır.

Bütün bu amillər Prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi bəyanatın Azərbaycan dövlətinin uzunmüddətli, strateji və qlobal hədəflərə hesablanmış siyasətinin aydın təzahürü olduğunu göstərir. Bu çıxış Azərbaycanın gücünü, müstəqil xarici siyasətini, iqtisadi imkanlarını və beynəlxalq əməkdaşlığa verdiyi mühüm töhfələri daha da aydınlaşdırır və ölkəmizin regionda sabitlik, inkişaf və tərəfdaşlığın əsas dayağı olduğunu bir daha sübut edir.


Vasif Qafarov

Milli Məclisin deputatı


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az