Azərbaycanın əldə etdiyi davamlı inkişaf, güclənən iqtisadi potensial və beynəlxalq arenada qazandığı yüksək nüfuz daim bəzi xarici dairələri ciddi şəkildə narahat edir. Məhz bu səbəbdən ölkəmizə qarşı müxtəlif dövrlərdə çirkin informasiya, təxribat xarakterli kampaniyalar və sabitliyi pozmağa yönəlmiş cəhdlər həyata keçirilib.
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat vurğulayıb ki, Azərbaycan dövləti bütün bu çirkin kampaniyalara baxmayaraq öz milli təhlükəsizliyini hər zaman etibarlı şəkildə təmin edib və xarici dairələrin bütün destruktiv fəaliyyətlərin qarşısını qətiyyətlə alıb.
A.Həsənova bildirib ki, Azərbaycan bundan sonra da öz təhlükəsizliyin qətiyyətlə qoruyacaq: "Lakin təəssüfləndirici amil ondan ibarətdir ki, bu dairələrlə eyni fikirdə olan, ölkəmizdə satibliyi pozmaq, hakimiyyəti qanunsuz yolla ələ keçirmək istəyən qüvvələr də mövcud olub.
Uzun illər ölkədə yüksək vəzifə tutan, siyasi proseslərdə ciddi təsir imkanları olan Ramiz Mehdiyev, həmçinin daim radikal mövqedən çıxış edən, anti-milli fikirlərlə ictimiayyət arasında çaşqınlıq yaratmağa və sabitliyi pozmağa çalışan AXCP sədri Əli Kərimli və digər bu kimi şəxslər xarici dairələrdən maddi dəstək alaraq ölkəmizdə hakimiyyəti qanunsuz yolla ələ keçirmək kimi məkirli planlar qurublar".
Məlum olduğu kimi bu məkrili planlar da hər zamankı kimi iflasa uğradı, Ramiz Mehdiyev və Əli Kərimli kimilərin məkirli planları vaxtında ifşa edildi:
“Azərbaycan dövləti hər zaman bu kimi təhdidlərə qarşı qətiyyətli və prinsipial mövqe sərgiləyib. Dövlətimizin hüquq-mühafizə orqanları milli maraqlara zidd olan bütün fəaliyyətlərin qarşısını almaq gücündədir və bunu dəfələrlə sübut edib.
Azərbaycan bundan sonra da öz suverenliyini və təhlükəsizliyini qətiyyətlə qorumaqda davam edəcək. Hər hansı siyasi qruplar və ya şəxslər, hansısa motivlə ölkəmizin milli maraqlarına zidd fəaliyyət göstərmək istəyərsə, dövlətimiz hüquqi mexanizmlər çərçivəsində sərt və çevik tədbirlər görəcək. Bu məsələdə heç kimdə şübhə olmamalıdır”.
Afət Həsənova vurğulayıb ki, milli maraqlar, dövlət təhlükəsizliyi və ictimai sabitlik Azərbaycanın əsas prinsipləridir və bu prinsiplər heç vaxt güzəştə gedilə bilməz:
“Destruktiv çağırışlarla çıxış edən, radikal mövqe tutan və xarici təsirlərə açıq olan bütün qüvvələr qarşısında dövlətin mövqeyi dəyişməz qalacaq.
Dövlətini və vətənini sevən hər bir vətəndaş bu cür cəhdlərə qarşı ayıq-sayıq olmalı və ictimai sabitliyin qorunmasına öz töhfəsini verməlidir”.