Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Ümummilli Lider Heydər Əliyevin anım günü sadəcə tarixi şəxsiyyətə hörmətin ifadəsi deyil, həm də müasir Azərbaycan dövlətinin üzərində dayanmış siyasi, ideoloji və milli dəyərlərin yenidən dərk olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Heydər Əliyevin fəaliyyəti sübut edir ki, əsl liderlik yalnız idarə etmək bacarığı deyil, həm də xalqın taleyinə və dövlətin gələcəyinə məsuliyyətlə yanaşan mənəvi iradə, strateji düşüncə və qətiyyət tələb edən böyük tarixi missiyadır. Heydər Əliyevin həyat yolu və dövlətçilik fəlsəfəsi Azərbaycan tarixində unikallıq təşkil edir.
Heydər Əliyevin Naxçıvan kimi qədim mədəni irsə malik bir mühitdə böyüməsi,
ailədən aldığı mənəvi tərbiyə və milli kimlik duyğusu onun dövlətçilik
dünyagörüşünün təməlini formalaşdırıb, xalqın tarixi yaddaşına bağlılığı isə
onu son dərəcə milli dəyərlərə sədaqətli şəxsiyyət kimi yetişdirib. Dövlət
təhlükəsizlik orqanlarında uzun illər ərzində çalışması ona böyük analitik
düşüncə, operativ qərarvermə, risklərin qiymətləndirilməsi və mürəkkəb
prosesləri idarə etmək kimi bacarıqlar qazandırıb. Bu bacarıqlar daha sonra
onun Azərbaycan rəhbərliyinə gəldiyi dövrdə həyata keçirdiyi strateji
tədbirlərdə özünün tam ifadəsini tapıb.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkənin
inkişaf tarixində dönüş baş verdi. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti
nəticəsində Azərbaycan ittifaqın tərkibində geridə qalmış respublikalardan biri
olmaqdan çıxaraq sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və sosial sahələr
üzrə sürətli tərəqqi yoluna qədəm qoydu. Yeni sənaye müəssisələri yaradıldı,
xüsusilə neft-kimya sənayesi genişləndirildi, kənd təsərrüfatı sahəsində
struktur islahatları aparıldı, milli kadr hazırlığına xüsusi önəm verildi.
Bu dövr respublikanın iqtisadi gücünün artması ilə yanaşı, xalqın özünə
inamının yüksəlməsi və milli kimlik şüurunun formalaşması baxımından da mühüm
mərhələ oldu. Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin
qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi və həmin kadrlar sonradan
müstəqillik illərində dövlət quruculuğunun aparıcı qüvvəsinə çevrildi.
1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması fonunda Azərbaycan ağır
siyasi böhran, hakimiyyət boşluğu, separatizm təhlükəsi və iqtisadi tənəzzül
girdabında idi. Belə bir çətin anda Heydər Əliyevin yenidən siyasi səhnəyə
qayıtması xalqın istəyi ilə baş verdi və onun Naxçıvan dövründə göstərdiyi
tarixi xidmətlər müstəqillik ideyasının real siyasi məzmuna çevrilməsində
həlledici rol oynadı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1990-cı ildə rəsmi dövlət orqanı olan
Naxçıvan Ali Məclisinin inzibati binasında qaldırıldı. Bu addım hələ SSRİ tam
dağılmamış Azərbaycan xalqının müstəqillik iradəsini ifadə edən misilsiz siyasi
cəsarət aktı idi. Bundan əlavə, Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarla
muxtar respublikada Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və bu,
Azərbaycan siyasi tarixində prinsipial dönüş nöqtəsi oldu.
1990-cı il 20 Yanvar hadisələrinə Heydər Əliyevin Moskvadakı kəskin siyasi
etirazı böyük tarixi əhəmiyyətə malikdir. O, SSRİ rəhbərliyinin Azərbaycan
xalqına qarşı törətdiyi bu qanlı faciəni sərt şəkildə pislədi və hadisəni
insanlığa qarşı cinayət kimi qiymətləndirdi. Bu çıxış həmin dövrdə həyati
təhlükə ilə müşayiət olunsa da, Heydər Əliyev həyatının bütün mərhələlərində
olduğu kimi, yenə də xalqının yanında oldu və tarixi həqiqətin müdafiəçisi kimi
çıxış etdi.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan
dövlətçiliyinin xilası ilə nəticələndi. Vətəndaş qarşıdurması, silahlı
toqquşmalar və separatizm dalğası qarşısında duran ölkə məhv olmaq təhlükəsi
yaşayırdı. 1993-cü ilin iyun ayına
qədər ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin
belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər
çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir".
Məhz bu çətin və şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev atdığı
qətiyyətli və cəsarətli addımlarla Azərbaycanı dağılmaqdan, məhv olmaqdan xilas
etdi və onun yaşamasını təmin etdi. Bu missiya Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında ən böyük xidmətlərindən biri idi.
Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitlik yaratdı, dövlət
institutlarını bərpa etdi, ordu quruculuğuna başladı və Azərbaycanı dağılmaqdan
xilas etdi. 1994-cü ildə atəşkəsin elan olunması onun müharibə strategiyasında
xüsusi mərhələ idi, bu addım müstəqil dövlət quruculuğu, iqtisadi islahatlar və
ordunun inkişafı üçün zəruri siyasi sabitliyi təmin etdi.
Heydər Əliyevin insan hüquqlarına həssas münasibətinin ən önəmli
nümunələrindən biri ölüm hökmünə moratoriumun tətbiqi, daha sonra isə tam
ləğvidir. Bu addım Azərbaycanın humanist hüquq sisteminə keçidinin təməl
prinsiplərindən birinə çevrildi. Onun rəhbərliyi ilə aparılan siyasi fəaliyyət
Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının ideoloji əsaslarını yaratdı.
Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi ən böyük tarixi addım
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın
iqtisadi inkişaf modelinə tamamilə yeni nəfəs gətirdi, ölkəyə milyardlarla
sərmayə axınını təmin etdi. Eyni zamanda Bakı-Tibilisi-Ceyhan neft boru
kəmərinin əsasının qoyulması Azərbaycan neftinin dünya bazarına çıxarılmasında
əvəz edilməz rola malik oldu. Bununla da Azərbaycanı qlobal enerji xəritəsində
önəmli aktora çevirdi və uzunmüddətli sosial-iqtisadi inkişafın başlanğıcını
qoydu. Dövlət Neft Fondunun yaradılması isə neft gəlirlərinin şəffaf və
məqsədyönlü şəkildə idarə edilməsinə, gələcək nəsillər üçün strateji ehtiyat
fondunun formalaşmasına imkan verdi.
Heydər Əliyevin siyasi-ideoloji irsinin təməlini təşkil edən
Azərbaycançılıq ideyası milli birliyi, tarixi yaddaşı və dövlətçilik
ənənələrini bir araya gətirərək modern milli identiklik modelini yaratdı.
Tolerantlıq və multikulturalizm fəlsəfəsi isə Azərbaycanı dünyada nümunəvi
çoxmədəniyyətli cəmiyyət kimi tanıtdı. Güclü dövlət konsepsiyası təhlükəsizlik,
idarəçilik və sosial rifah sahələrinin inkişafını təmin edən strateji prinsip
kimi bu gün də ölkənin siyasi xəttinin əsasını təşkil edir.
Ulu Öndərin sosial, mədəni və təhsil sahələrində apardığı islahatlar
Azərbaycanın intellektual həyatına yeni dinamika gətirdi. Təhsilin inkişafı,
mədəniyyət müəssisələrinin bərpası, incəsənətin dünyada tanıdılması və diaspor
siyasətinin başlanması müstəqil dövlətin ideoloji və mənəvi dayaqlarını
gücləndirdi.
2003-cü ildə "Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam
etdirilməlidir" - deyən Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən müasir
dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Heydər Əliyevin ideyalarının, siyasi xəttinin ən layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında duran
ən ümdə vəzifələri uğurla yerinə yetirdi, özünün çoxəsrlik dövlətçilik
tarixində ən böyük nailiyyətləri qazandı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq enerji
layihələrinin aparıcı iştirakçısına çevrildi, qeyri-neft sektoru genişləndi,
sənaye parkları və rəqəmsal iqtisadiyyat formalaşdırıldı, sosial rifah
yüksəldi. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti ilə Azərbaycan Ordusu
regionun ən güclü ordularından birinə çevrildi və 2020-ci il Vətən
müharibəsində Böyük Tarixi Qələbə qazandı, ölkənin ərazi bütövlüyü bərpa
olundu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad edən, suverenliyini tam
bərpa edən və bu gün tarixdə heç bir zaman olmadığı qədər güclü və qüdrətli
olan və davamlı inkişaf edən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan
hörmətimizin ən gözəl nümunəsi, Heydər Əliyev ideyalarının təntənəsidir.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım
Əliyevanın həyata keçirdiyi humanitar missiya Heydər Əliyev irsinin mənəvi
təməlini daha da zənginləşdirir. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial
müdafiə, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirdiyi
layihələr Azərbaycanın humanitar nüfuzunu dünyada artırır.
Bütün bunlar bir daha göstərir ki, Ümummilli Lider Heydər Əliyevin irsi
yalnız keçmişin parlaq səhifəsi deyil, həm də müasir Azərbaycan dövlətinin
siyasi, hüquqi, iqtisadi və mənəvi prinsiplərini müəyyən edən canlı və inkişaf
edən ideologiyadır. Onun qurduğu dövlətçilik modeli bu gün daha da möhkəmlənir,
modernləşir və Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu artırır.
Heydər Əliyevin adı Azərbaycan tarixində əbədi yaşayacaq və onun irsi gələcək
nəsillər üçün milli inkişafın ən güclü istiqamətvericisi olaraq qalacaqdır.
Vasif Qafarov
Milli Məclisin deputatı