Niyə onu seçdilər? - Mürvət Həsənlinin uğur hekayəsi

09:16 - 17 Dekabr 2025

Niyə onu seçdilər? - Mürvət Həsənlinin uğur hekayəsi

Xəbər verdiyimiz kimi, dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərlik tərkibinin ilk iclası keçirilib. İclasda aparılan səsvermə nəticəsində Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib.

Bu seçim təsadüfi deyil.


Mürvət Həsənli Azərbaycan cəmiyyətində biznes, media və dövlət strukturları ilə sıx əlaqələri olan, çevik düşüncəsi və nəticəyönlü fəaliyyəti ilə tanınan şəxsdir. Bacarıqlı iş adamı kimi başladığı hər bir layihədə konkret nəticələr ortaya qoymağı bacarıb. Xüsusilə onun yaxından dəstəyi və təşəbbüskarlığı ilə ölkənin quşçuluq sektoru son dörd ildə sürətli inkişaf mərhələsinə qədəm qoyub.

Bu gün Azərbaycan artıq təkcə daxili bazarı təmin edən ölkə deyil, həm də damazlıq və süfrə yumurtasının ixracatçısıdır. Yerli quşçuluq məhsulları Körfəz ölkələrindən tutmuş ABŞ-a qədər geniş bir coğrafiyada satılır ki, bu da sektorun keyfiyyət və rəqabət qabiliyyətinin göstəricisidir.

Ötən illər ərzində Mürvət Həsənlinin müxtəlif dövlət qurumları və özəl sektor nümayəndələri ilə quşçuluq təsərrüfatlarının problemləri və perspektivləri üzrə birgə müzakirələrin əsas təşəbbüskarlarından biri olduğunu dəfələrlə müşahidə etmişik. Vergi və gömrük orqanları, eləcə də quşçuluq məhsullarının pərakəndə satışını həyata keçirən iri ticarət şəbəkələri onun rəhbərlik etdiyi Assosiasiyanı sektorun vahid və etibarlı təmsilçisi kimi qəbul edir. Sektorda yaranan bütün əsas problemlər məhz bu platforma üzərindən müzakirə olunur.

Bu gün Azərbaycanda hər hansı quşçuluq müəssisəsi çətinliklə üzləşəndə ilk müraciət etdiyi ünvan Mürvət Həsənlinin rəhbərlik etdiyi Assosiasiya olur. Çünki sahibkarlar bu qurumun formal birlik deyil, real təsir imkanlarına malik, sahə biznes birliyinə çevrildiyini görür və problemlərinin həlli üçün bütün qapıların birgə döyüləcəyinə inanırlar.

Eyni zamanda dövlət də quşçuluq sektorundan gözləntilərini məhz Mürvət Həsənli vasitəsilə sahə təmsilçilərinə çatdırır. Zərurət yarandıqda iş adamlarının problemləri dinlənilir, həll yolları axtarılır, eyni zamanda haqlı iradlar da açıq və konstruktiv şəkildə təqdim olunur. Yüksək peşəkarlıqla qurulmuş bu koordinasiya nəticəsində quşçuluq sektorunun səsi dövlətin bütün aidiyyəti qurumlarında rahatlıqla eşidilir.

Mürvət Həsənli təkcə quşçuluq sahəsində deyil, ümumilikdə kənd təsərrüfatının digər istiqamətləri üzrə də geniş bilik və baxışlara malikdir. Onun mətbuat və ictimai qurumlarla açıq, şəffaf və səmərəli kommunikasiya bacarığı isə ayrıca qeyd olunmalıdır. Belə bir şəxsin Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya rəhbər seçilməsi cəmiyyətin bütün təbəqələri üçün uğurlu və perspektivli addım kimi qiymətləndirilməlidir.

Kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyini təmin edən əsas sektordur. Bu sahədə çalışanların – kiçik fermerdən iri təsərrüfat sahibinədək – problemlərinin nazirlik və digər dövlət qurumları səviyyəsində eşidilməsi son dərəcə vacibdir. Bu isə birbaşa kommunikasiyanın keyfiyyətindən asılıdır. Mövcud çətinliklərin və gözləntilərin vaxtında və düzgün ünvanlara çatdırılması onların həllində həlledici rol oynayır.

Mürvət Həsənlinin KTN yanında İctimai Şuraya rəhbərliyi məhz belə sağlam və etibarlı kommunikasiyanın formalaşması üçün möhkəm zəmin yaradır. Bu, həm də dövlətlə aqrar sektor arasında yeni və güclü bir əlaqə xəttinin qurulması deməkdir.

Bu proses biz – media nümayəndələri üçün də müsbət dəyişiklik vəd edir. Çünki Mürvət Həsənli jurnalistlərlə ünsiyyətdən yayınmayan, fərq qoymadan bütün suallara açıq mövqe sərgiləyən, məlumatı gizlətməyən bir idarəçi kimi tanınır.

İnanırıq ki, onun İctimai Şuraya rəhbərliyi bütün tərəflər üçün yeni imkanlar və real fürsətlər yaradacaq. Bu məsuliyyətli fəaliyyətində dəyərli dostumuza uğurlar arzulayırıq.(Musavat.com)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az