"Avropa Parlamentinin təzyiq və siyasi alver məqsədi daşıyan qətnaməsi qəbuledilməzdir"

13:30 - 20 Dekabr 2025

\"Avropa Parlamentinin təzyiq və siyasi alver məqsədi daşıyan qətnaməsi qəbuledilməzdir\"

Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli, Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qətnamə hüquqi əsaslardan məhrum, faktoloji baxımdan əsassız və siyasi motivli olmaqla yanaşı, mahiyyət etibarilə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş açıq şər və böhtan xarakterli bir sənəddir və bu yanaşma Avropa Parlamentinin ölkəmizə münasibətdə uzun müddətdir nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan siyasətin növbəti təzahürüdür.


Sözügedən sənəddə irəli sürülən iddialar obyektiv araşdırmalara, etibarlı hüquqi mənbələrə və beynəlxalq hüququn norma və prinsiplərinə deyil, siyasi spekulyasiyalara və təzyiq niyyətinə əsaslanır ki, bu da Azərbaycan Respublikasının konstitusiya quruluşuna, suverenliyinə, hüquq-mühafizə və məhkəmə institutlarına qarşı açıq hörmətsizlik aktı kimi qiymətləndirilməlidir.

Avropa Parlamenti öz səlahiyyət hüdudlarını aşaraq müstəqil dövlətin daxili işlərinə müdaxilə etmək, məhkəmə qərarlarını siyasi mülahizələrlə şübhə altına almaq və istintaq proseslərinə qiymət vermək cəhdi göstərir ki, bu yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsində təsbit edilən dövlətlərin suveren bərabərliyi və daxili işlərə qarışmamaq prinsiplərinə açıq ziddir. Qətnamədə adı çəkilən şəxslərlə bağlı aparılmış istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının Konstitusiyasına, Cinayət-Prosessual Məcəlləsinə, habelə ölkəmizin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi öhdəliklərə tam uyğun şəkildə həyata keçirilmiş, cinayət məsuliyyəti o şəxslərin konkret və sübuta yetirilmiş qanunazidd əməlləri əsasında müəyyən edilmişdir.

“Özbaşına həbs”, “siyasi məhbus” və “akademik azadlıqların boğulması” kimi anlayışların sübutsuz və şablon şəkildə dövriyyəyə buraxılması hüquqi qiymətləndirmə deyil, məqsədli dezinformasiya və siyasi manipulyasiya xarakteri daşıyır və bu, Avropa Parlamentinin selektiv yanaşmasının bariz nümunəsidir. Xüsusilə vurğulanmalıdır ki, eyni qurum uzun illər ərzində Azərbaycan ərazilərinin işğalı dövründə yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına, etnik təmizləməyə, mədəni və dini irsin sistemli şəkildə məhv edilməsinə ya səssiz qalmış, ya da bu faktlara formal və qeyri-adekvat münasibət sərgiləmişdir ki, bu da bu gün səsləndirilən iddiaların səmimiyyətini tamamilə şübhə altına alır.

Qətnamədə sanksiya çağırışlarının və tərəfdaşlıq münasibətlərinin siyasi şərtlərlə bağlanması cəhdlərinin yer alması bərabərhüquqlu əməkdaşlıq prinsipinə, Avropa təhlükəsizlik sisteminin təməlini təşkil edən Helsinki Yekun Aktına və beynəlxalq hüququn ümumi prinsiplərinə zidd olmaqla yanaşı, açıq şəkildə siyasi təzyiq aləti kimi çıxış edir.

Avropa Parlamentinin Azərbaycan dövlətçiliyinə, milli maraqlarına və hüquqi sisteminə qarşı yönələn şər, böhtan və siyasi təzyiq cəhdləri nə hüquqi əsaslara, nə də obyektiv faktlara söykənir və bu kimi yanaşmalar regionda etimad mühitinin formalaşmasına xidmət etmir. Avropa Parlamentinin reallıqları təhrif edən və selektiv yanaşmaya əsaslanan bu cür sənədləri dialoqa deyil, qarşıdurmanın dərinləşməsinə xidmət edir. Hesab edirəm ki, qarşılıqlı münasibətlərin sağlam və davamlı inkişafı yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, suverenliyə ehtiram, bərabərlik və daxili işlərə qarışmamaq əsasında mümkündür və bu prinsiplərdən kənar hər hansı yanaşma konstruktiv nəticə verməyəcəkdir.

 Vasif Qafarov

Milli Məclisin deputatı


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az