"İşğal dövründə aparılan talançılıq əməlləri çoxşaxəli və sistemli xarakter daşıyırdı" - Deputat

18:26 - 25 Dekabr 2025

\"İşğal dövründə aparılan talançılıq əməlləri çoxşaxəli və sistemli xarakter daşıyırdı\" - Deputat

Ermənistanın uzun illər boyu Azərbaycanın işğal altındakı torpaqlarında apardığı talançılıq siyasəti, regionun tarixi və mədəniyyətinə ciddi zərər vurmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən əvvəl, Ermənistanın bölgədəki təbii sərvətləri, mədəni irsi və tarixi abidələri məhv etməsi, beynəlxalq hüququn kobud şəkildə pozulması kimi ciddi problemləri gündəmə gətirir. Bu talançılıq yalnız Azərbaycanın deyil, bütün regionun sabitliyi və inkişafı üçün ciddi təhlükə yaradır. 

 

Milli Məclisin deputatı Vasif Qafarov Manset.az-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, işğal dövründə bu ərazilərdə aparılan talançılıq əməlləri çoxşaxəli və sistemli xarakter daşıyırdı.


“Yaşayış məntəqələri tamamilə dağıdılmış, binalar daşına qədər sökülərək talan edilmiş, sənaye və kənd təsərrüfatı obyektləri sıradan çıxarılmış, meşələr qırılmış, faydalı qazıntılar və digər təbii sərvətlər qanunsuz şəkildə istismar olunmuşdur. Eyni zamanda tarixi, dini və mədəni abidələr məhv edilmiş, müqəddəs yerlər təhqir olunmuşdur ki, bu da açıq şəkildə urbisid və mədəni vandalizm siyasətinin təzahürü idi. Prezident İlham Əliyevin Ağdamda etdiyi çıxışda vurğuladığı kimi, bu dağıntıların məqsədi şəhərləri elə vəziyyətə salmaq idi ki, azərbaycanlıların bu torpaqlara qayıdışı mümkünsüz görünsün”.

Deputat qeyd edib ki, Ermənistan bu talançılıqla əraziləri yaşayış üçün tam yararsız hala salmağa, Azərbaycan xalqının öz doğma torpaqlarına qayıdışını əngəlləməyə, məcburi köçkünlərdə ümidsizlik yaratmağa və işğalı uzunmüddətli, hətta daimi vəziyyətə çevirməyə çalışırdı:

“Dövlət başçısının da qeyd etdiyi kimi, bu siyasət eyni zamanda tarixi izləri silmək və xalqımızı işğalla barışdırmaq cəhdi idi, lakin Azərbaycan xalqı bu niyyətlə heç vaxt razılaşmamışdır.

Azərbaycanın təbii sərvətlərinin, tarixi abidələrinin və müqəddəs yerlərinin talan edilməsi və məhv edilməsi Ermənistanın milli kimliyimizi, tarixi yaddaşımızı və mədəni irsimizi silməyə yönəlmiş məqsədyönlü siyasətinin tərkib hissəsi idi. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, məscidlərin təhqir edilməsi və dini abidələrin dağıdılması təkcə Azərbaycana deyil, bütün İslam dünyasına qarşı hörmətsizlik idi və bu fakt Ermənistanın nifrət və vandalizm üzərində qurulmuş siyasətini açıq şəkildə nümayiş etdirmişdir”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az