"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin təcəssümüdür"

19:26 - 29 Dekabr 2025

\"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin təcəssümüdür\"

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan tarixində milli birliyin, dövlətçilik ideyalarının və azərbaycançılıq məfkurəsinin ən parlaq ifadəsidir. Bu əlamətdar gün xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi formalaşaraq, zaman keçdikcə ümummilli həmrəyliyin rəmzinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, bu bayram qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, milli birliyini və müstəqil dövlətçilik uğrunda səfərbərliyini ifadə edən mühüm ideoloji dəyər daşıyır".


Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.

Millət vəkili vurğulayıb ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi təsis edilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır:

"Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müraciəti əsasında dekabrın 25-də Azərbaycan Respublikasının Ali Sovetinin Milli Şurası dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu qərar yalnız təqvim hadisəsi deyil, eyni zamanda, milli ideologiyanın və gələcək diaspor siyasətinin strateji əsasını təşkil edən mühüm siyasi addım idi.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı olan Ulu Öndər Heydər Əliyev diaspor məsələsini dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Xarici səfərləri zamanı dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla görüşlər keçirən Ümummilli Lider onların problem və qayğıları ilə yaxından maraqlanır, təşkilatlanma və ideoloji həmrəylik üçün mühüm tövsiyələr verirdi. Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir soydaşımız üçün milli qürur və mənəvi dayaq rəmzinə çevrilib".

O diqqətə çatdırıb ki, 2001-ci il noyabrın 9-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı diaspor hərəkatında yeni mərhələnin başlanğıcı oldu:

Bu qurultaydan sonra 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, eləcə də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi milli birliyin institusional əsaslarını möhkəmləndirdi. Sonrakı illərdə keçirilən qurultaylar, xüsusilə 2022-ci ildə Şuşada baş tutan Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı dünya azərbaycanlılarının həmrəyliyinin yeni tarixi mərhələsini təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu qurultayın məhz azad Şuşada keçirilməsi tarixi ədalətin və milli iradənin təntənəsi idi.

Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu diaspor siyasətini müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirir. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyətini dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm amil kimi dəyərləndirir. Onun təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, Azərbaycan Diasporuna Dəstək Fondunun təsis edilməsi, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi bu sahəyə verilən yüksək siyasi diqqətin göstəricisidir. Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün 51 ölkəni əhatə edən və 561 diaspor təşkilatını özündə birləşdirən 15 Koordinasiya Şurası, 20 ölkədə 31 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycanın xarici ölkələrdə yeni icma və birliklərinin təsis edilməsi çağdaş diaspor quruculuğu işinin uğuru kimi qiymətləndirilə bilər".

V.Qafarov həmçinin əlavə edib ki, Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, antiterror əməliyyatı, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya gətirdi, onları bir yumruq halında daha sıx birləşdirdi:

"Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq göstərərək Qələbəmizə layiqli töhfələr verdilər. “Dəmir yumruq” bu gün təkcə hərbi gücün deyil, eyni zamanda ümummilli birliyin rəmzinə çevrilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycançılıq ideologiyası və güclü dövlət anlayışının təcəssümüdür. Bu bayram harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vahid Vətən – müstəqil Azərbaycan ətrafında birləşdiyini dünyaya bəyan edir. Güclü dövlət, güclü diaspor və sarsılmaz milli həmrəylik Azərbaycan xalqının bu gününün və gələcəyinin əsas təminatıdır".

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az