"Prezident İlham Əliyevin 5 yanvar 2026-cı il tarixli müsahibəsi Azərbaycan-Amerika münasibətlərinin təkamülünü və 2025-ci ilin bu münasibətlər kontekstində niyə tarixi mərhələ kimi dəyərləndirilməli olduğunu aydın və əsaslandırılmış şəkildə ortaya qoyur. Siyasi baxımdan bu müsahibə yalnız ikitərəfli münasibətlərin icmalı deyil, eyni zamanda post-münaqişə dövründə Azərbaycanın formalaşdırdığı yeni xarici siyasət fəlsəfəsinin konseptual izahıdır".
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib.
O diqqətə çatdırıb ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ ilə münasibətlərin inkişafına sistemli şəkildə mane olan 907-ci düzəliş faktiki olaraq siyasi təzyiq aləti funksiyasını daşıyıb:
"Bu düzəlişin illər ərzində qüvvədə qalması Amerikanın daxili siyasi mexanizmlərində anti-Azərbaycan dairələrin, xüsusilə erməni lobbisinin təsir imkanlarının nə qədər güclü olduğunu nümayiş etdirir. Prezidentin müsahibəsində bu məqamın xüsusi vurğulanması təsadüfi deyil, çünki söhbət təkcə bir hüquqi aktdan deyil, Azərbaycanın suveren seçimlərini məhdudlaşdırmağa yönəlmiş struktur baryerin aradan qalxmasından gedir.
Ermənistan-Azərbaycan müharibəsinin başa çatması ilə bölgədə yaranan yeni reallıqlar ABŞ tərəfindən qəbul edilib və bu, Vaşinqtonun Cənubi Qafqaza yanaşmasında fundamental dəyişiklik yaradıb. Tramp administrasiyasının praqmatik, nəticəyönümlü və milli maraqlara əsaslanan xarici siyasət xətti Azərbaycanın regionda artan hərbi-siyasi və iqtisadi çəkisi ilə üst-üstə düşür. Bu kontekstdə Azərbaycan artıq yalnız enerji tərəfdaşı deyil, həm də regional təhlükəsizliyin, nəqliyyat-kommunikasiya xətlərinin və geosiyasi sabitliyin əsas təminatçılarından biri kimi qəbul olunur.
Strateji işçi qrupunun yaradılması və strateji tərəfdaşlıq xartiyasının hazırlanması Azərbaycan-ABŞ münasibətlərinin institusionallaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərdə institusional çərçivənin formalaşması münasibətlərin davamlılığını və siyasi konyukturadan asılılığının azalmasını təmin edən əsas amillərdən biridir. Bu baxımdan sözügedən mexanizmin yaradılması münasibətlərin strateji səviyyəyə keçdiyini təsdiqləyir".
Millət vəkili həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən dəstəklənməsi isə Cənubi Qafqazda yeni siyasi-iqtisadi-coğrafi reallığın legitimləşdirilməsi deməkdir:
"Bu dəhliz Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, regionu qlobal nəqliyyat və ticarət marşrutlarının mühüm hissəsinə çevirir. Burada söhbət yalnız tranzitdən deyil, Azərbaycanın geoiqtisadi mərkəzə transformasiyasından gedir.
Müsahibədə qeyd olunan intensiv diplomatik səfərlər, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı təmasları və iqtisadi, ticarət, hərbi-sənaye sahələrində aparılan danışıqlar onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri artıq formal bəyanatlar müstəvisindən çıxaraq konkret maraqlara və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modelinə çevrilir.
Nəticə etibarilə, 2025-ci il Azərbaycanın xarici siyasət tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu il Azərbaycan uzun illər üzləşdiyi geosiyasi məhdudiyyətləri aradan qaldıraraq regional liderlik statusunu qlobal tərəfdaşlıq səviyyəsinə yüksəldib. Prezidentin müsahibəsi isə bu tarixi mərhələnin ideoloji əsaslarını, diplomatik uğurlarını və gələcək perspektivlərini sistemli və konseptual şəkildə ictimaiyyətə təqdim edən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər".