Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, 2025-ci il Azərbaycan üçün təkcə diplomatik uğurlar ili deyil, eyni zamanda ölkəmizin regional və qlobal miqyasda rolunun yeni mərhələyə qədəm qoyduğu mühüm bir dövrdür. Bu çıxış Azərbaycanın xarici siyasət xəttinin nə dərəcədə balanslı, çoxşaxəli və strateji düşüncəyə əsaslandığını açıq şəkildə nümayiş etdirir.
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov səsləndirib.

Deputatın sözlərinə görə, ilk növbədə Vaşinqton sazişinin əldə olunması xüsusi strateji əhəmiyyət daşıyır.
"ABŞ kimi qlobal güc mərkəzinin vasitəçiliyi və iştirakı ilə imzalanan bu razılaşma Azərbaycanın regionda sülhün, sabitliyin və əməkdaşlığın aparıcı qüvvəsi kimi qəbul edildiyini təsdiqləyir. Vaşinqton sazişi bir tərəfdən Azərbaycanın prinsipial mövqeyinin beynəlxalq müstəvidə qəbul olunduğunu göstərirsə, digər tərəfdən ölkəmizin regional proseslərdə söz sahibi kimi çıxış etdiyini sübut edir. Bu fakt Azərbaycanın artıq təkcə hadisələrə reaksiya verən deyil, prosesləri yönləndirən mühüm aktor statusuna yüksəldiyini nümayiş etdirir".
Göydəniz Qəhrəmanov Çin Xalq Respublikası ilə imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, dünyanın aparıcı siyasi və iqtisadi güc mərkəzlərindən biri olan Çinlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir.
Deputat Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsini də mühüm nailiyyət kimi qiymətləndirib. Qeyd olunub ki, təxminən 30 illik fəaliyyət dövründə təşkilata yeni üzv qəbul edilməmişdi. Müsəlman dünyasının ən böyük və təsirli dövlətlərini birləşdirən bu platformaya məhz Azərbaycanın dəvət olunması ölkəmizə göstərilən yüksək hörmətin və etimadın təzahürüdür. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə D-8 çərçivəsində media, iqlim, energetika və nəqliyyat kimi strateji sahələr üzrə mərkəzlərin yaradılması ölkəmizin təşkilatda fəal və təşəbbüskar üzv kimi çıxış etdiyini göstərir.
Göydəniz Qəhrəmanov bildirib ki, bütün bu faktlar Azərbaycanın xarici siyasətinin artıq yalnız müdafiə və balans prinsiplərinə əsaslanan xətt olmadığını, əksinə, təşəbbüs göstərən, proseslərə istiqamət verən, regional və qlobal gündəmi formalaşdıran fəal siyasətə çevrildiyini deməyə əsas verir. 2025-ci il bu baxımdan Azərbaycanın beynəlxalq sistemdə çəkisinin daha da artdığının real göstəricisidir.
Deputat vurğulayıb ki, əldə olunan bütün bu uğurlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, milli maraqlara əsaslanan müstəqil kursunun və ardıcıl diplomatik fəaliyyətinin məntiqi nəticəsidir. Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın geosiyasi xəritəsində mühüm oyunçu kimi qəbul olunur və bu mövqe ildən-ilə daha da möhkəmlənir.