Rusiya ordusunun Ukraynanı paytaxtı Kiyev şəhərinə hava hücumu davam edir.
Manset.az xəbər verir ki, müxtəlif tipli raketlər paytaxtda çoxrmərtəbəli binalara ziyan vurub və avtomobillər yanır.
"Darnitski rayonunda PUA-nın yaşayış binasına dəydiyi yerə ikinci zərbə endirilib. Bir tibb işçisi həlak olub, bir neçəsi yaralanıb. Hamısı kömək göstərmək üçün getmişdi", - Kiyev meri Vitali Kliçko deyib.
Onun sözlərinə görə, ümumilikdə hücumlarda dörd nəfər ölüb və 10 sakin xəsarət alıb.
Eyni zamanda Dnepr rayonunda üçmərtəbəli yaşayış binasına dron zərbəsi endirilib və yanğın baş verib. Binadan 29 nəfər təxliyə edilib. Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev bölgəsinə yüksək sürətli hədəflərin yaxınlaşdığını bildirib. Hərbçilər həmçinin Qara dənizdən Kalibr qanadlı raketlərinin atılması barədə xəbərdarlıq ediblər.
***
02:40
Rusiya ordusu yanvarın 8-dən 9-na keçən gecə Ukraynanın paytaxtı Kiyev daxil olmaqla ölkənin bir çox şəhərlərinə yenidən kütləvi dron və raket hücumlarına başlayıb.
Manset.az-ın Report-a istinadən məlumatına görə, paytaxtın Dneprovsk, Peçer və Solomen rayonlarında hazırda partlayış səsləri eşidilir və Desnyansk rayonunda isə yanğınlar başlayıb.
Şəhər hərbi rəhbərliyi sakinlərdən sığınacaqlardan çıxmamaları barədə göstəriş verib, zərbələrin davam edəcəyini barədə xəbərdarlıq edib.
Kiyev meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtında gecə ərzində ikinci dəfə partlayışlar baş verib: "Obolonda güclü partlayışlar qeydə alınıb. Paytaxta hücum davam edir".
Lvovda isə hava hücumu xəbərdarlığı zamanı bir sıra güclü partlayışlar baş verib. Şəhər meri Andriy Sadovyi partlayışların qeydə alındığını təsdiqləyib. O bildirib ki, hadisənin dəqiq mahiyyəti və konkret ərazi araşdırılır.