“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” Azərbaycanın son 20 ildə formalaşdırdığı infrastruktur siyasətinin məntiqi davamı kimi qiymətləndirilməlidir.
Prezident İlham
Əliyevin sədrliyi ilə yanvarın 12-də keçirilən və Dövlət
Proqramına həsr olunan müşavirədə
dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan artıq əsas
infrastruktur problemlərini həll edib və daha mürəkkəb, uzunmüddətli
çağırışlara fokuslanmış inkişaf mərhələsinə qədəm qoyub.
Son 20
il ərzində icra edilən regional inkişaf proqramları nəticəsində elektrik
enerjisi, qazlaşdırma, yol infrastrukturu və su təminatı sahələrində köklü
dönüş yaradılıb. Bu gün Azərbaycanın enerji generasiya gücü təqribən 10 min
meqavat təşkil edir və daxili tələbatı üstələyir. Azərbaycan artıq yalnız
enerji təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda elektrik
enerjisinin ixracı istiqamətində regional və beynəlxalq səviyyədə real addımlar
atır. Qazlaşdırma səviyyəsinin 96 faizə çatdırılması da sosial rifahın
yüksəldilməsi və enerji müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm
nailiyyətdir. Vaxtilə qaz və elektrik enerjisi idxal edən Azərbaycan bu gün 10-dan
çox ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. Son
20 ildə inşa edilən dörd böyük su anbarı – xüsusilə Taxtakörpü və Şəmkirçay –
həm Bakı şəhərinin, həm də ölkənin qərb bölgələrinin su təminatında həlledici
rol oynayıb. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici
qurğularla təchiz edilməsi paytaxtın dayanıqlı su təminatının əsas
sütunlarından biridir. Dövlət başçısı işğal dövründə Ermənistan tərəfindən
həyata keçirilən “su terroru”nu da xatırladaraq vurğuladı ki, Sərsəng və
Suqovuşan su anbarlarından sudan silah kimi istifadə edilməsi Azərbaycan üçün
ciddi humanitar və iqtisadi problemlər yaradırdı. Bu gün isə həmin su
anbarlarının, eləcə də azad edilmiş ərazilərdə yerləşən digər hidrotexniki
qurğuların tam bərpası ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə
yüksəldib.
Yeni
Dövlət Proqramı Bakı və Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə etməklə,
uzun illər yığılıb qalmış problemlərin sistemli həllini hədəfləyir. Proqram
çərçivəsində təxminən 30 yeni su anbarının tikilməsi, sayğaclaşdırmanın 100
faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 95 faizə yüksəldilməsi
nəzərdə tutulur. Eyni zamanda, su itkilərinin 40–45 faiz səviyyəsindən kəskin
şəkildə azaldılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Yağış
sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin
qurulması, kanalizasiya xidmətlərinin əhatə dairəsinin 95 faizə çatdırılması və
Xəzər dənizinə axıdılan kanalizasiya sularının tam təmizlənməsi paytaxtın
ekoloji təhlükəsizliyi baxımından mühüm addımlar olacaq. İlk dəfə olaraq
Abşeron yarımadasında duzsuzlaşdırma zavodunun tikilməsi isə alternativ su
mənbələrinin yaradılması istiqamətində strateji yenilikdir.
Prezident
İlham Əliyevin vurğuladığı kimi, proqramın icrasına həm dövlət qurumları, həm
də ictimaiyyət tərəfindən ciddi nəzarət ediləcək. Bu yanaşma şəffaflıq,
məsuliyyət və nəticəyönümlü idarəetmənin təminatıdır. 2026–2035-ci illəri əhatə
edən Dövlət Proqramı Bakı və Abşeron yarımadası üçün təkcə infrastruktur sənədi
deyil, su təhlükəsizliyi, ekoloji balans və dayanıqlı şəhər inkişafı baxımından
strateji yol xəritəsidir.
Milli Məclisin deputatı
tarix elmləri doktoru